İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 41-ci toplantısı keçirilir.
Toplantının açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul ediləcək qərarların və aparılacaq müzakirələrin xeyirli nəticələrə səbəb olacağına inamını ifadə edib:
“Türkiyə olaraq nəqliyyatdan təhsilə, təhlükəsizlikdən ticarətə, səhiyyədən sosial xidmətlərə qədər Suriya xalqına dəstəyimizi davam etdiririk. Ölkənin siyasi birliyinin və ərazi bütövlüyünün qorunması, bütün təbəqələri ilə suriyalı qardaşlarımızın davamlı rifaha qovuşması baxımından təşkilatımızın və İslam dünyasının dəstəyi olduqca önəmlidir… COMCEC çərçivəsində həyata keçirdiyimiz ortaq proqram və layihələr böyük əhəmiyyət daşıyır. Bu il COMCEC işçi qrupları çərçivəsində İslam ölkələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən bir çox mövzu müzakirə olunub. Bu günə qədər COMCEC layihə dəstək proqramları vasitəsilə cəmi 180 layihəyə dəstək verdik. 56 ölkənin həm layihə sahibi, həm də faydalanan tərəf kimi bu fəaliyyətlərdə iştirak etməsindən böyük məmnunluq duyuram. Bu il COMCEC layihə maliyyələşdirilməsi çərçivəsində daha 23 layihəni həyata keçiririk”.
