Tovuzun Yanıqlı kəndindəki tarixi məscidin bərpaya ehtiyacı var

Tovuz rayonunun Yanıqlı kəndi “Xınna dərəsi” adlanan ərazidə yerləşir. Tarixi mənbələrə görə, burada bir vaxtlar zəvvarların yolu keçdiyindən məscid Birinci Şah Abbasın göstərişi ilə inşa edilib. Divarlarının qalınlığı 1,5-3 metr arasında dəyişən tikilinin ön tərəfində hər iki yanda dörd olmaqla səkkiz otaq mövcuddur. Bu otaqlar vaxtilə hücrə və müsafirxana kimi istifadə olunub.

Yanıqlı kəndindəki tarixi məscid həm xarici görünüşü, həm də tikiliş üslubuna görə Gəncədə yerləşən eyniadlı məscidlə oxşarlıq təşkil edir. Sakinlərin sözlərinə görə, yerli əhali uzun illər məscidə özləri qulluq etsə də, tikilini qoruyub saxlamaq mümkün olmayıb.

Kənd sakini Salman Ələsgərov bildirir ki, məscid Zəyəm çayının sol sahilində yerləşir: “Sağ sahildə qədim yol var və bu yol hələ də qalır. Deyilənə görə, zəvvarlar Xan körpüdən keçərək bu məsciddə istirahət edib namaz qıldıqdan sonra İrəvan və Naxçıvana yollanırmışlar. Hazırda məscid çox bərbad vəziyyətdədir- qapısı, bacası yoxdur, içəri girmək təhlükəlidir. Mədəniyyət Nazirliyi tərəfindən lövhə vurulub ki, bu, XVII əsrə aid tarixi mədəniyyət abidəsidir. Xahiş edirik ki, məscidin təmirinə kömək edilsin”.

Daşınmaz tarix və mədəniyyət abidələrinin reyestrinə daxil edilən məscidin hazırkı vəziyyəti sakinləri ciddi narahat edir. Onlar bildirirlər ki, qədim tikili göz görə-görə sıradan çıxmaq təhlükəsi ilə üz-üzədir.

Kənd sakini Niyaməddin Əliyevin sözlərinə görə, məscid əvvəllər daha yaxşı vəziyyətdə olub: “Qazı, işığı var idi, gələn-gedən də çox olurdu. Turistlər də ziyarət edirdi. Baxılmadığından dağıldı. İstəyirik ki, bərpa olunsun, kəndimizdə azan səsi eşidilsin”.

Kəndin digər sakini Bəxtiyar Əliyev isə əlavə edir ki, məscid 1987-1989-cu illərdə təmir olunsa da, işlər yarımçıq qalıb: “Üst tavan tam bərpa edilmədiyindən yağış suları tikiliyə ziyan vurub. Məscidin kərpic, gil və yumurta qarışığından tikildiyi bildirilir. Əgər bərpa olunsa, həm sakinlər, həm də turistlər üçün maraqlı mədəniyyət məkanına çevrilə bilər”.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli isə bildirib ki, qəzalı vəziyyətdə olan “Şah Abbas” məscidinin vəziyyətindən xəbərdardırlar: “Artıq bərpa işləri üçün layihə-smeta sənədləri hazırlanıb. Abidə dövlət hesabına bərpa və konservasiya istiqamətində nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. İnvestisiya layihələri çərçivəsində məscidin bərpası planlaşdırılır”.

Exit mobile version