Dekabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göyçayda “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda regional konfrans öz işinə başlayıb.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bildirib ki, milli-mənəvi kimlik hər bir xalqın əsas dayaqlarından biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə birliyini və milli kimliyimizin gücünü bir daha təsdiqləyib. İnformasiya axınının sürətləndiyi müasir dövrdə dilimizə, dinimizə, mədəniyyətimizə, milli kimliyimizə qarşı yaranan təhdidlər barədə də danışan O.Mürsəlov vurğulayıb ki, bu reallıq milli dəyərlərin qorunmasının yalnız mənəvi deyil, həm də təhlükəsizlik məsələsi olduğunu deməyə əsas verir. İstənilən dövlətdə xalqın milli kimlik anlayışının zəifləməsi onun daxili və xarici təsirlərə qarşı həssaslığını sual altına qoyur. Buna görə də hər birimiz milli kimliyimizin möhkəmləndirilməsi üçün səylərimizi birləşdirməliyik. İ
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, müasir informasiya mühitində dini və milli kimliklə bağlı ayrı-seçkilik yaratmaq cəhdlərinə rast gəlinir. Təlim-tərbiyə sistemində gənclərin mənəvi dəyərlər əsasında formalaşması, rəqəmsal platformalarda maarifləndirici fəaliyyətin genişləndirilməsi və sosial statusundan asılı olmayaraq, hər birimizin milli-mənəvi irsimizə sahib çıxması vacibdir. Azərbaycanın multikulturalizm və tolerantlıq modeli məhz bu kontekstdə xüsusi rol oynayır. Bu model birgəyaşayış üçün nümunə olmaqla bərabər, milli birliyin, sosial harmoniyanın və dövlətçiliyin gücləndirilməsinə xidmət edən mexanizmdir.
Tədbirdə Milli Məclisin deputatı Sabir Hacıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev və b. çıxış ediblər.
Regional konfrans işini panel iclasları ilə davam etdirir.
