Misirin İsgəndəriyyə kitabxanasının Əlyazmalar Mərkəzinin Akademik Araşdırmalar şöbəsinin müdiri Hüseyn əl-Zuhəri ilə müsahibə
Kitabxanada azərbaycanlı alimlərin, məsələn, Məsud ibn Hüseyn Şirvaninin “Haşiyatu əl-Şirvani alə şərhil-Kati li-İsağuçi” əsərinin, eləcə də Nəsirəddin Tusinin iki əsərinin əlyazmalarını gördüm. Bu, onu göstərir ki, islam dünyasında alimlər arasında əlaqə sıx olub. Məsələn, Misirdə saxlanılan Aybək əd-Davadarinin bir əlyazmasında “Dədə Qorqud” dastanı ilə bağlı tədqiqatlara qiymətli töhfə verən məlumatların olması onu göstərir ki, əlyazmalarda hələ də öyrənilməli məlumatlar çoxdur və hər hansı əlyazmanın tapılması tarixin müəyyən mərhələsinə işıq sala bilər.
-Misir kitabxanaları, o cümlədən İsgəndəriyyə kitabxanası tərəfindən bu yaxınlarda yeni qiymətli əlyazma tapılıbmı?
– İsgəndəriyyə kitabxanasında ən qədim əlyazma əl-Bustinin təfsir kitabının bir hissəsidir. Bu nüsxə dünyada bizə çatan ərəb əlyazmalarının ən qədimlərindəndir və hicri 368-ci ildə yazılıb. Mən özüm Nəsirəddin Tusinin İbn əl-Hacibin “əl-Kafiyə” əsərinə şərhini tapmışam. İndiyədək nəinki bu əsər, hətta onun qrammatika ilə bağlı başqa töhfəsi barədə elm aləmində məlumat olmayıb. Təsəvvür edin, müasir dillə desək, kimsə NASA-da işləyir, eyni zamanda, qrammatikaya dair mükəmməl tədqiqatı var. Bu, orta əsrlərdə alimlərin ensiklopedik biliyə malik olduğunu göstərir. Bilirik ki, Tusi astronomiya, riyaziyyat, həndəsə kimi dəqiq elm sahələrində tanınmış islam alimlərindən olub. İbn əl-Hacib Tusinin müasiri olub. O, 646-cı ildə, Tusi isə 672-ci ildə vəfat edib. İbn əl-Hacib Misirdə yaşayıb. Onun İraq və ya digər ərazilərə getdiyi barədə məlumatlarımız yoxdur. Tusi Azərbaycan coğrafiyasında yaşayıb. O, Azərbaycanda Marağa rəsədxanasını inşa etdirib. Azərbaycanda uzun müddət qalıb, mühüm əsərlərini yazıb. Lakin Tusinin İslam dünyasının qərbinə, Misirə və ya Dəməşqə gəlməsi haqqında məlumat yoxdur. Həmin dövrdə monqollar İslam dünyasının bu hissəsində hökmranlıq edirdilər. Bütün bunlara baxmayaraq, bu tapıntı göstərir ki, İslam aləmində elmi əlaqə və mübadilə kəsilməmişdi. Hər iki alim eyni əsrdə bir-birindən ayrı məkanlarda yaşasalar da, İbn əl-Hacibin ərəb qrammatikasına dair kitabı Misirdən Azərbaycana gedib çıxmış və həmin bölgənin insanları, alimləri bu kitabla tanış olmuşlar. Tusi isə kitabı təkcə oxumaqla kifayətlənməmiş, həm də ona şərh yazmışdır. Nəsirəddin Tusinin dostu, həm də şagirdi Rüknəddin Astarabadinin “əl-Kafiyə”yə üç şərhinin olması haqqında məlumatlar da var. Qeyd edim ki, hələ də üzə çıxarılmamış əlyazmalar mövcuddur.
– Süni intellekt ərəbdilli əlyazmaların oxunuşu prosesində tətbiq oluna bilərmi?
– Süni intellekt, demək olar ki, bütün sahələrdə, eyni zamanda, irs və əlyazmalar sahəsində istifadə olunmağa başlayıb. Söhbət indi bu əlyazma mətnlərinin birbaşa oxunuşundan getmir. Süni intellektin tətbiqi ilə şəkil formatında olan yazılar “ayrılır” və mətnə çevrilən hissə oxunmağa çalışılır. Əlbəttə, süni intellekt hazırda bu sahədə başlanğıc mərhələdədir. Belə ki, əlyazmalar müxtəlif xətt növlərində – nəsx, farisi, məğribi və s. yazılıb. Hətta biz eyni mətni yazsaq, xətlərimiz fərqlənəcək. Süni zəkaya eyni mətnin dörd müxtəlif xətdə yazılmış əlyazmanı “oxutdursaq”, nəticə bir-birindən fərqlənəcək. Düşünürəm ki, gələcəkdə süni zəkanın bu sahədə tətbiqi yaxşılaşacaq, mükəmmələşəcək.
– İsgəndəriyyə kitabxanası, xüsusilə əlyazmalar bölməsi ilə digər əlyazma fondları arasında əməkdaşlıq varmı?
– Bizim çox sayda kitabxana ilə əməkdaşlığımız var. Əlyazmalar bölməsi yaradılandan bəri mühüm kitabxanalar bizə əlyazmaların elektron nüsxələrini, fotosurətlərini təqdim etmişlər. Məsələn, İspaniyanın, Britaniyanın, İrlandiyanın kitabxanalarından əlyazma nüsxələrini almışıq. Dünyanın mötəbər kitabxanaları ilə tərəfdaşlığımız var. Əsasən, həmin kitabxanalarda olan ərəbdilli əlyazmaları kataloqlaşdırırıq, onların bərpası və rəqəmsallaşdırılması prosesinə töhfə veririk.
– Kitabxanada olan bütün əlyazmalar kataloqlara salınıbmı?
– Kitabxanamızda təxminən 6 mindən bir qədər çox əlyazma var. Kataloqları hazırdır. Əksəriyyətinin elektron nüsxələri hazırlanıb. Elektron kataloqlarımıza 300 min əlyazmanın nüsxələri salınıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
