Rəcəb ayında baş verən hadisələr

Rəcəb ayının 1-i hicri 57-ci il – 5-ci imam – İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.

Rəcəb ayının 3-ü hicri 254-cü il – 10-cu imam – İmam Hadi (ə) (Əliyyən-Nəqi (ə)) şəhadətə yetişmişdir.

Rəcəb ayının 8-i hicri 20-ci il – İslam dininin Misirə gəldiyi gündür.

Rəcəb ayının 10-u hicri 195-ci il – İmam Muhəmməd Təqinin (ə) (müsəlmanlar bu mübarək şəxsi, İmam Cavad (ə) adı ilə də tanıyırlar) mübarək mövludu günüdür.

Rəcəb ayının 12-i hicri 36-cı il – Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir.

Rəcəb ayının 13-ü hicrətdən 23 il öncə Məkkə şəhərində, Kəbə evində Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir.

Rəcəb ayının 15-i, hicri 62-ci ildə Kərbəla həqiqətlərini dünyaya çatdıran, zalım yezid istibdadını öz qəhrəman çıxışları ilə lərzəyə gətirən Həzrət Zeynəbın (s.ə.) vəfatı günüdür.

Rəcəb ayının 19-u, 9-cu hicri ilində, Təbuk qəzvəsi baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli-Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etmişdi.

Rəcəb ayının 20-si, 13-cü hicri ilində müsəlman mücahidlərilə Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.

Rəcəb ayının 24-ü, 7-ci hicri ilində, mühüm strateji əhəmiyyətə malik olan Xeybər qalası müsəlmanlar tərəfindən fəth edilmişdir.

Rəcəb ayının 25-i, hicri 183-cü ildə, müsəlmanların 7-ci İmamı – Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir. Mübarək hərəmi Kazimeyn şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə – Nardaranda və Bibi-Heybətdə olan məqbərələrini ziyarət edə bilərlər.

Rəcəb ayının 27-də, hicrətdən 13 il öncə – Həzrət Muhəmməd ibn Abdullaha(s) peyğəmbərliyin verilməsi günü – Məbəs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir.

Rəcəbin 28-i, hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdir.

Exit mobile version