
Mədinə şəhərindən təqribən 170 km. şimalda yerləşən və yəhudilərə məxsus olan Xeybər qalaları mühüm strateji mövqeyə malik idi. Xeybər yəhudiləri bu üstünlükdən müsəlmanların əleyhinə istifadə edirdilər. Həzrət Mühəmməd Peyğəmbərin (s) əmri ilə Mədinədən qovulmuş Bəni-Qeynüqa və Bəni-Nəzir qəbilələri Xeybərə sığınmışdılar. Xeybərlilər Xəndək müharibəsinin əsas təşkilatçılarından idilər və bu yürüşün gerçəkləşməsi üçün xeyli mal-dövlət xərcləmişdilər. Onlar Şam-Hicaz ticarət yoluna nəzarəti ələ keçirərək, müsəlman karvanlarının hərəkətini ciddi təhlükə altına alırdılar.
Belə bir şəraitdə Həzrət Mühəmməd Peyğəmbər (s) hicri 7-ci ildə 1600 nəfər (1400 nəfər piyada və 200 nəfər süvari) döyüşçü ilə birlikdə Xeybər üzərinə hücuma keçdi. Xeybər yəhudiləri müsəlmanların hücumundan xəbər tutan kimi öz möhkəm qəsrlərinə sığındılar. Yəhudilərin Naim, Qəmus, Kətibə, Nəstah, Şiqq, Vətih və Sülalim adlı yeddi (və ya səkkiz) ədəd möhkəm qəsri var idi. Onlar bu qəsrlərin içindəki anbarlara xeyli ərzaq və döyüş sursatı toplamışdılar. Qəsrlərin müdafiəçilərinin ümumi sayı 10 min nəfərə çatırdı. Ğətəfan və Bəni-Fəzarə qəbilələri də yəhudilərə minlərlə əsgərdən ibarət yardımçı qüvvə göndərmişdilər.
Müsəlmanlar Xeybərə çatıb qəsrləri mühasirəyə aldılar. Lakin bu möhkəm qalaları almaq asan iş deyildi. Qala bürclərinin üzərində durmuş yəhudilər yuxarıdan müsəlmanların başına ağır daşlar atmaqla onların irəliləyişini ləngidirdilər. Yəhudi pəhləvanlarından bir neçəsi hərdən qəsrdən kənara çıxıb müsəlmanlarla döyüşür, sonra yenə qəsrin daxilinə çəkilirdi.
Müsəlmanlar Xeybər qalalarından ikisini (Naim və Qəmus istehkamlarını) fəth etdilər. Amma növbəti Vətih və Sülalim qəsrlərinin fəthi xeyli yubandı. Müsəlman qoşunu dəfələrlə hücum etsə də, qələbə qazana bilməyib geri çəkilirdi. Qalaların rəisi Mərhəb güclü müdafiə sistemi təşkil etmişdi. Məşhur səhabələr Əbu Bəkr və Ömər ibn Xəttab böyük hərbi qüvvənin başında bir neçə dəfə hücum etsələr də, uğur qazana bilmədilər. Bu zaman Peyğəmbər səhabələrə buyurdu: “Sabah döyüş bayrağını elə bir şəxsə verəcəyəm ki, Allahı və Peyğəmbəri sevir, Allah və Peyğəmbər də Onu sevirlər. Allah Onun əli ilə qalanı fəth edəcək və həmin şəxs qələbə çalmayınca geri dönməyəcək”. Hamı intizarla bu şəxsin kim olduğunu gözləməyə başladı.
Ertəsi gün sübh tezdən Həzrət Mühəmməd Peyğəmbər (s) döyüş bayrağını əlində tutub Əli ibn Əbu Talibi (ə) səslədi. Əlinin (ə) gözləri ağrıdığına görə, döyüş əməliyyatlarından kənarda, düşərgədə qalmışdı. Onu Peyğəmbərin yanına gətirdilər. Həzrət Mühəmmədin (s) duası ilə Əlinin (ə) gözləri şəfa tapdı. Sonra Peyğəmbər bayrağı Əliyə (ə) verib Onu döyüş meydanına yolladı. Beləliklə, dünən Peyğəmbərin təriflədiyi şəxsin Əli ibn Əbu Talib (ə) olduğu aşkara çıxdı (bax: Səhihü Müslim, Səhabələrin fəzilətləri kitabı, Əli ibn Əbu Talibin fəzilətləri babı (50-ci töhfə), 6220-ci hədis).
Həzrət Əli (ə) Zülfiqar adlı məşhur qılıncı ilə əvvəlcə yəhudilərin başçısı Mərhəbin qardaşı Harisi, onun ardınca Mərhəbin özünü qətlə yetirdi. Sonra qəsrin iri darvazasını yerindən qoparıb müsəlmanların içəri girmələrinə şərait yaratdı. Bəzi rəvayətlərdə darvazanı çərçivədən qoparıb çıxardığı və qəsri əhatə edən xəndəyin üstünə körpü kimi atdığı rəvayət olunur. Müsəlmanlar bundan sonra hücum edib qəsri ələ keçirdilər.
Yəhudilərin o biri qəsrləri də bir-birinin ardınca fəth edildi. Peyğəmbər əsir alınmış yəhudiləri bu şərtlə azad etdi ki, hər il əkin məhsullarının bir hissəsini cizyə kimi müsəlmanlara təhvil versinlər. Xeybərdə ələ keçirilən qənimət müsəlmanların arasında ədalətlə bölüşdürüldü.






