Dinimizə görə söyüş söymək günahdır. Bəs heç kim eşitmədiyi bir yerdə söyüşlü sözlər işlətmək olarmı?
Əxlaq kitablarında günahlar, onları edən bədən üzvlərinə görə qruplara ayrılıb. Bunların içində ən mühüm yerdə dilin günahları gəlir. Dil ilə edilən günahlar ən təhlükəli və ziyanlı əməllər sayılır. Qeybət, yalan, iftira, söyüş kimi günahlar dil günahlarına aiddir. Bir əməlin günah olması onun gizlində ya açıqda edilməsi ilə ölçülməz. Açıqda edilən günahı gizlində də etmək qadağandır. Əgər başqa insanlar görmürlərsə də, Allah və mələklər görür.
Dil Allahı zikr etmək, dua oxumaq, gözəl sözlər danışmaq, insanları yaxşı işlərə doğru çağırmaq, günahkarlara nəsihət etmək, öz halal ehtiyaclarını dilə gətirmək, fikrini izah etmək üçün insana verilmiş bir nemətdir. Bundan haram məqsədlər üçün istifadə etmək isə Allaha nankorluqdur.
Həmçinin, bir əməli gizlində belə, etmək insanda vərdiş yaradır. Bir şəxs əgər heç kimin olmadığı yerdə söyüş söyməyə başlasa, getdikcə bu hərəkət adətə çevriləcək. Böyük ehtimalla o, insanlar arasında olanda da öz adətinə uyğun olaraq söyüş söyməyə davam edəcək.