Aİİ-də “Məscid və türbə memarlığında bədii təribat” mövzusunda seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il Sərəncamına əsasən, “Məscid və türbə memarlığında bədii təribat” mövzusunda seminar təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə memarlıq irsinin öyrənilməsi, qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, xüsusilə dini memarlıq nümunələri – məscid və türbələr Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsidir və onların bədii-estetik xüsusiyyətlərinin araşdırılması həm elmi, həm də mədəni baxımdan aktualdır.

Seminarda Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Gigiyena və bərpa şöbəsinin müdiri, f.f.d. Zaur Orucov məruzə ilə çıxış edib. O vurğulayıb ki, bu səpkili elmi tədbirlər dini memarlıq abidələrinin yalnız tarixi baxımdan deyil, eyni zamanda, estetik, sənətşünaslıq və mədəni aspektlərdən öyrənilməsinə şərait yaradır. O əlavə edib ki, Azərbaycan ərazisində yerləşən məscid və türbələr zəngin memarlıq ənənələrini özündə birləşdirir və bu abidələrin elmi şəkildə tədqiqi gələcək nəsillər üçün mühüm elmi baza formalaşdırır.

Zaur Orucov məruzəsində məscidlərin tarixi quruluşunu və funksiyalarını geniş şəkildə təqdim edib. O qeyd edib ki, məscidlər tarixən yalnız ibadət məkanı kimi deyil, həm də ictimai və sosial həyatın mühüm mərkəzlərindən biri kimi fəaliyyət göstərib. Onun sözlərinə görə, məscidlər müxtəlif dövrlərdə təhsil, sosial yardım, maarifləndirmə və ictimai birliyin formalaşmasında mühüm rol oynayıb.

Məruzədə məscidlərin cəmiyyətin sosial həyatındakı rolu tarixi faktlar və nümunələrlə izah olunub.

Exit mobile version