Bakıdakı Təzəpir məscidi niyə belə adlanır?

Təzəpirin tarixi XIV-XV əsrlərə gedib-çıxır. Burada öz zəmanəsində görkəmli alim və övliya kimi tanınmış Əbu Səid Abdullahın məzarı üzərində tikilibmiş pir, yəni ziyarətgah mövcud olmuşdur. Sonralar məzar torpaq qatı altında qaldı. Keçmişdə Təzəpirin ərazisi xalq arasında “Xəlfə damı” adı ilə tanınırdı. “Xəlfə”, yəni “xəlifə” təsəvvüf terminidir; təriqət şeyxi vəfat etdikdən sonra öz vəsiyyətinə əsasən onun yerini tutan ən layiqli tələbəsinə xəlifə deyilirdi. “Xəlfə damı” ifadəsi də xəlifənin məzarı üzərində tikilmiş dam (bina) mənasını verir. 1817-ci ildə sonuncu Bakı xanı Hüseynqulu xanın kürəkəni Qasım bəy piri əsaslı şəkildə təmir etdirsə də, sonralar tikili yenə dağıntılara məruz qaldı. XX əsrin axırlarında xeyriyyəçi Nabat xanım Aşurbəylinin vəsaiti və görkəmli memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında burada iri məscid binası ucaldıldı, köhnə pirə aid olan məzar isə məscidin altındakı zirzəmidə qaldı. Tikintisi 1914-cü ildə tamamlanmış yeni məscid xalq arasında Təzəpir kimi tanınmağa başladı.






