Türkiyənin İstanbul şəhərində “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammitində iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Anar Əliyev İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk ilə də görüşüb. 2023-cü ildə nazirlik ilə SESRIC arasında imzalanmış əməkdaşlıq sənədinin əlaqələrimizin institusional baxımdan gücləndirilməsində, birgə fəaliyyətin hüquqi və metodoloji çərçivəsinin müəyyən olunmasında önəmi qeyd edilib. Bu sənədə uyğun olaraq 2025-2027-ci illər üzrə Tədbirlər Planı əsasında aparılan işlər nəzərdən keçirilib, tədqiqatların aparılması sahəsində gələcək əməkdaşlıq müzakirə olunub.
