İslam dünyasıXəbərlər

İƏT rəsmisi: Hər il dünyada 3 milyona yaxın insan əmək fəaliyyəti ilə bağlı səbəblərdən həyatını itirir

Hər il dünyada təqribən 2,93 milyon insan əmək fəaliyyəti ilə bağlı səbəblərdən həyatını itirir.

Bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramov 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, beynəlxalq statistikaya əsasən, hər il dünyada təxminən 2,93 milyon insan iş fəaliyyəti ilə bağlı səbəblərdən həyatını itirir, 395 milyondan çox işçi isə istehsalat qəzaları nəticəsində müxtəlif xəsarətlər alır.

A.Bayramov bildirib ki, bəzi ölkələrdə istehsalat qəzaları nəticəsində yaranan xəsarətlərin səviyyəsi hər 100 000 işçiyə təqribən 3 000 hadisə təşkil edir:

“Ölümcül xəsarətlərin göstəricisi nisbətən aşağı olsa da, bu, müxtəlif sahələr üzrə davamlı problem olaraq qalır. Bununla belə, bir sıra ölkələrdə bu sahədə mühüm addımların atıldığını müşahidə edirik. Bəzi ölkələrdə sosial müdafiə səviyyəsi qlobal orta göstəricilərdən aşağıdır və bəzi hallarda əhalinin 10 faizindən də az hissəsini əhatə edir. Eyni zamanda, bir sıra ölkələrdə işsizlik müavinətlərini əhatə edən effektiv mexanizmlərin olmaması işçi qüvvəsinin əhəmiyyətli hissəsinin sosial təminatdan kənarda qalmasına səbəb olur. Bu problemlər əmək təhlükəsizliyi və sağlamlığının insan həyatı üçün nə qədər vacib olduğunu bir daha göstərir”.

O əlavə edib ki, İƏT ölkələri arasında əmək sahəsində əlaqələrin genişləndirilməsi diqqət yetirilən əsas istiqamətlərdən biridirdir:

“Eyni zamanda, üzv dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq çərçivəsində əmək mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, standartların uyğunlaşdırılması və tətbiqinin gücləndirilməsi istiqamətində işlər həyata keçirilir. Üzv dövlətlər arasında əmək sahəsində əməkdaşlığın gücləndirilməsi mərkəzin əsas prioritetlərindən biridir”.

Daha çox göstər
Back to top button