29 aprel (11 zilqədə) səkkizinci İmam Rizanın (ə) mövludunun ildönümüdür

Səkkizinci imam Əli Rizanın (766-818) atası yeddinci imam Musa Kazim (ə), anası Nəcmə yaxud Təktüm adlı qadın idi. Mədinədə doğulmuşdur, məşhur ləqəbi “Riza”dır. Vətəni olan Ərəbistandan çox uzaqda – Məşhəddə vəfat etdiyinə görə ona “qərib imam” da deyirlər.
İmam Riza (ə) ömrünün çox hissəsini Mədinədə, son üç ilini isə Xorasanda keçirmişdir. 815/816-cı illərdə Xorasanı özünə qərargah seçmiş Abbasi xəlifəsi Məmun xilafət ərazisində bir neçə ardıcıl üsyan qaldırmış şiələri (Əbus-səraya, Məhəmməd Dibac qiyamları və s.) sakitləşdirmək və müvəqqəti sabitlik yaratmaq naminə İmam Rizanı (ə) Mədinədən öz yanına gətizdirdi və vəliəhdliyi qəbul etməsini onun qarşısında tələb kimi qoydu.
Məmun İmam Rizanı (ə) vəliəhd təyin etməklə həm də onu yüksək vəzifəli şəxs qismində ölkədə baş verən ədalətsizliklərə cavabdeh etmək və nüfuzunu zədələmək istəyirdi. Həm də İmam daim Məmunun nəzarəti altında qalacaq, sərbəst fəaliyyət imkanından məhrum olacaqdı. Lakin İmam Rzanın (ə) uzaqgörənliyi sayəsində bu planlar uğursuzluqla nəticələndi.
817-ci ilin martında Mərv şəhərində İmam Rizaya (ə) beyət mərasimi keçirildi. Məmunun bütün israrlarına rəğmən İmam hökumət işlərinə qarışmadı. Üstəlik, sarayda müxtəlif din və məzhəb ardıcılları arasında təşkil edilən elmi müzakirələrdə o, bütün rəqiblərinə qalib gələrək nüfuzunu daha da artırdı.
Bundan narahat olan Məmun Həzrət Rizanı (ə) zəhərli üzüm vasitəsilə şəhid etdi. Onu Xorasanın Tus şəhəri yaxınlığındakı Sənabad kəndində (hal-hazırda Məşhəd şəhəridir) torpağa tapşırdılar.
İmam Rizanın (ə) tələbələri sırasında şair Dibəl Xüzai, təsəvvüf tarixində özünəməxsus yeri olan Məruf Kərxi, Fəzl ibn Şazan Nişaburi, Əbus-Səlt Hərəvi və başqlararı məşhurdur.






