İslam dünyasıXəbərlər

ICESCO-nun qərargahında “Natəvan Mədəni İrs Mükafatı”nın ilk qaliblərinin təltif edilməsi mərasimi olub

Mayın 4-də Mərakeşdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında keçirilən “İslam dünyasında münaqişə və münaqişədənsonrakı dövrdə mədəni irsin idarə edilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı”nın (“Natavan Heritage Excellence Award”) ilk təqdimat mərasimi olub.

2025-ci ildə təsis olunan və Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şərəfinə adlandırılan mükafat maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni bölüşmək, təşviq etmək baxımından əhəmiyyət daşıyır. “Natəvan Mədəni İrs Mükafatı” ölkəmizin milli dəyərlərinin qorunmasını, humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Azərbaycanın ədəbi-mədəni irsinin təbliğində də xüsusi rol oynayır. Heydər Əliyev Fondu və ICESCO tərəfindən təqdim edilən bu mükafat, həmçinin azərbaycanlı şairənin xatirəsinə ehtiram olmaqla, Qarabağın zəngin mədəni irsini yaşadır.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, İordaniya şahzadəsi, Petra Milli İnam Fondunun prezidenti, Beynəlxalq Abidələr və Tarixi Yerlər Şurasının vitse-prezidenti Dana Firas iştirak ediblər.

İki ildən bir təqdim ediləcək “Natəvan Mədəni İrs Mükafatı” iki kateqoriyada – fərdi və layihə kateqoriyalarında qaliblərə verilir. Şərtlərə görə, layihə ICESCO-ya üzv ölkələrdən birində reallaşmalı, maddi-mədəni irsin qorunmasına və bərpasına yönəlməlidir.

Bu dəfə mükafata ICESCO-ya üzv ölkələrdən çoxsaylı müraciətlər daxil olmuş və onlardan 54-ü baxılmaq üçün qəbul edilmişdi. Beynəlxalq münsiflər heyətinin qərarı ilə “Layihə kateqoriyası” üzrə “Hebron/Əl-Xəlil Köhnə Şəhər Dükanlarının Bərpası: irsin qorunması və yerli iqtisadiyyatın canlandırılması üçün inteqrə olunmuş model” layihəsi üzrə Hebron Reabilitasiya Komitəsi (Fələstin) seçilib. Hebron/Əl-Xəlil köhnə şəhəri, o cümlədən İbrahim məscidi 2017-ci ildə UNESCO-nun Təhlükə Altında Olan Dünya İrs Siyahısına daxil edilib. Həmçinin 2020-ci ildə ICESCO-nun İslam Dünyası İrs Siyahısına salınıb və 2027-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.

“Fərdi müraciət” üzrə isə İraq vətəndaşı Əyyub Thanun Yunis Əl-Faris qalib olub.

“Natəvan Mədəni İrs Mükafatı”nin ilk mükafatçıları təqdim olunan layihələrə göstərilən diqqətə və belə bir beynəlxalq mükafata layiq görülmələrinə görə ICESCO-ya və Heydər Əliyev Fonduna təşəkkür ediblər.

Daha sonra qonaqlar ICESCO nəzdində təşkil edilmiş Sultan Qabus Kitabxanası və münaqişə zonalarında bərpa layihələri üzrə ən yaxşı təcrübələrə həsr olunmuş fotosərgi ilə tanış olub. Sərgidə 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimizdə dağıdılmış tarixi-mədəni, dini abidələrin bərpası üzrə görülmüş işlər, bu istiqamətdə Heydər Əliyev Fondunun Qarabağda həyata keçirdiyi layihələrə dair fotolar yer alıb.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikin görüşü keçirilib. Görüş zamanı Azərbaycan və digər ölkələrdə gələcək birgə layihələr müzakirə olunub.

Daha çox göstər
Back to top button