Heç bir müctəhidə təqlid etməmiş şiə məzhəbli insanın ibadətləri düzgün sayılırmı?

Bəzən elə insanlara rast gəlirik ki, uzun müddət öz ibadətlərini təqlidsiz olaraq yerinə yetiriblər. Yəni müctəhidə təqlidin vacib olduğunu bilmədikləri üçün ya şəriət əməlləri barədə hər hansı ümumi kitabdan, ya ölü müctəhidin risaləsindən, ya da tanış dindarın şifahi sözlərindən öyrənib əməl ediblər. Belə şəxslər təqlidin vacibliyini bilən kimi dərhal şərtlərə cavab verən diri müctəhidə təqlid etməyə başlamalıdırlar. Keçmiş əməllərini də təqlid etməli olduqları müctəhidin fətvaları ilə müqayisə etməlidirlər (ola bilər ki, onlar ibadət etdikləri keçmiş dövrdə təqlid şərtlərinə cavab verən başqa müctəhid yaşayırmış, indiki müctəhid o zaman təqlid olunmağa münasib deyilmiş). Əgər onun keçmiş əməlləri bu fətvalara uyğun olubsa, onları düzgün saymalıdır. Amma hansı məsələlərdə ciddi uyğunsuzluq varsa, onları qəza niyyəti ilə təzədən yerinə yetirməlidir. Ciddi uyğunsuzluq deyərkən, məsələn, ibadətlərin rüknlərində səhv etmək (rüknün nə olduğunu bilmək üçün risaləyə baxmalı) nəzərdə tutulur. Müstəhəb və ya məkruh əməllərdə səhv etmək bura aid deyil.






