İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün təsis edilmiş “Məhəmməd İrəvani” təqaüd proqramı üzrə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Aİİ-nin rektoru, dosent Aqil Şirinov tələbələrin akademik inkişafının dəstəklənməsinin və əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsinin ali təhsil müəssisəsinin prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. O, Dövlət Komitəsinin təşəbbüsü, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə təsis edilən təqaüd proqramlarının gənclər üçün əlavə imkanlar yaratdığını, onların fərdi yüksəlişinə mühüm töhfə verdiyini vurğulayıb. Rektor qeyd edib ki, bu təşəbbüslər tələbələrin elmə marağını daha da artırır, gələcək hədəflərinə inamla irəliləmələrinə stimul verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu dövlət siyasəti ölkədə elmin, təhsilin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına geniş imkanlar yaradır. O, bu istiqamətdə həyata keçirilən layihələrin gənclərin bilik və dünyagörüşünün formalaşmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Aİİ-nin tələbələri üçün təsis olunan təqaüd proqramlarının gənclərin elmi-tədqiqat qabiliyyətlərinin təkmilləşməsi istiqamətində mühüm dəstək mexanizmi olduğunu vurğulayıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, gənclər yalnız adına təqaüd təsis edilmiş alimlərin yaradıcılığını öyrənməklə kifayətlənməməli, digər tarixi şəxsiyyətlərin, maarifçilərin zəngin elmi-mənəvi irsini araşdırmalıdırlar.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov təqaüd proqramlarının tələbələrin sosial fəallığının həvəsləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Azərbaycanın dini-fəlsəfi fikir tarixində mühüm yer tutan Məhəmməd İrəvaninin irsinin gənc nəslə tanıdılması məqsədilə təsis edilmiş təqaüd proqramı tələbələrin elmi nailiyyətlərinin qiymətləndirilməsinə və onların inkişafına dəstək göstərilməsinə xidmət edir.
Sonda “Məhəmməd İrəvani” müsabiqənin qalibləri elan olunub.
Müsabiqənin nəticələrinə əsasən, “İslamşünaslıq” ixtisasının tələbəsi Mühəmməd Mirzəyev birinci yerə layiq görülüb. Həmin ixtisasın tələbələri Həmzə Həsənov ikinci, Vüsal Kərimov isə üçüncü yerin qalibi olub. Qaliblər çıxış edərək Dövlət Komitəsinə, Fonda və Aİİ-nin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Məhəmməd İrəvani” təqaüdü tələbələrin ərəb dili üzrə biliklərinin artırılması istiqamətində fəaliyyətləri təşviq etmək məqsədilə təsis edilib. Seçim mərhələsi 13 may 2026-cı il tarixində keçirilib. Müsabiqə komissiyasının müəyyən etdiyi meyarlar əsasında Aİİ-də bakalavriat səviyyəsində təhsil alan tələbələr arasından seçim aparılıb və qalibə bir il müddətində veriləcək.
