Qlobal müsəlman istehlakçılarının halal sektorları üzrə xərclərinin qarşıdakı illərdə 3 trilyon dolları keçəcəyi proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam İnkişaf Bankı (İİB) Qrupunun Kuala Lumpurdakı Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi İİB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Azərbaycan Halal Biznes Forumunun (AZHAB Forum) xüsusi sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, halal iqtisadiyyat hazırda qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən istiqamətlərindən biridir. Onun sözlərinə görə, vaxtilə yalnız müəyyən istehlakçı qrupuna xidmət edən bu sahə artıq geniş iqtisadi ekosistemə çevrilib.
“İslam İnkişaf Bankı Qrupuna üzv ölkələr birlikdə dünyanın ən böyük halal istehlak və istehsal bazarlarından birini formalaşdırır və bu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. Forum siyasətçilər, tənzimləyici qurumlar, biznes nümayəndələri, investorlar və inkişaf tərəfdaşları üçün əməkdaşlığın genişləndirilməsi və qlobal halal iqtisadiyyatın inkişafı baxımından mühüm platformadır”, – deyə o əlavə edib.
