Əsasən mərsiyələrdə Ömər ibn Sədlə bağlı qeyd edilən Rey şəhəri məsələsi nəyi ifadə edir?

Aşura günündə İmam Hüseyni (ə) və onun sadiq silahdaşlarını şəhid etmiş qoşunun sərkərdəsi Ömər ibn Səd idi. O, Həzrət Mühəmməd Peyğəmbərin (ə) məşhur səhabələrindən olan Səd ibn Əbu Vəqqasın oğlu idi. Səd İbn Əbu Vəqqas Sasani imperiyası ilə döyüşlərdə fərqlənmiş, Ömərin zamanında Kufə şəhərinin ilk valisi olmuşdu. Əhli-sünnə rəvayətlərində onun Peyğəmbər tərəfindən cənnətlə müjdələnmiş on nəfərdən biri olduğu iddia edilir.
İraq valisi Übeydullah ibn Ziyad İmam Hüseynə (ə) qarşı göndərilən qoşuna başçılıq etməyi Ömər ibn Sədə təklif etdi. Ömər əvvəlcə bu təklifi rədd etsə də, Übeydullah Rey şəhərinin valiliyini ona verməyi vəd edəndə razılaşdı. O, Rey şəhərinə vali olmaq müqabilində Aşura qırğınına rəhbərlik etdi. Buna görə dini ədəbiyyatda, xüsusilə, Kərbəla müsibətindən bəhs edən mərsiyələrdə Ömər ibn Səd tamahkarlıq nümunəsi kimi xatırlanır. Tarixi məlumatlara görə, Rey valiliyi Ömər ibn Sədə qismət olmadı, o, vəd olunmuş vəzifəni almadan Muxtar tərəfindən öldürüldü.






