Təzəpir məscidində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib

Aşura günü münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə iyunun 25-də Təzəpir məscidində könüllü qanvermə aksiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, aksiyada iştirak edən vətəndaşlar əvvəlcə tibbi müayinədən keçirilib.

Donorluğa müraciət edən şəxslərdən qan nümunələri götürülərək onların sağlamlıq vəziyyəti yoxlanılıb, donor olmağa yararlı hesab edilən şəxslərdən qan tədarük olunub. Toplanan qan Respublika Qan Bankının əməkdaşları tərəfindən qəbul edilərək müvafiq qaydada emal olunacaq və qana ehtiyacı olan xəstələrin, o cümlədən talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən pasiyentlərin müalicəsində istifadə ediləcək.

Qanvermə aksiyasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərləri və nümayəndələri də iştirak ediblər.

Qeyd olunub ki, Aşura günü münasibətilə keçirilən qanvermə aksiyası artıq ölkədə humanitar ənənəyə çevrilib və hər il minlərlə vətəndaş bu xeyriyyə təşəbbüsünə qoşularaq qana ehtiyacı olan insanların həyatının xilas edilməsinə töhfə verir.

Aksiya Aşura günü münasibətilə respublikanın müxtəlif şəhər və rayonlarında təşkil olunan humanitar tədbirlər çərçivəsində həyata keçirilir və vətəndaşlar tərəfindən yüksək fəallıqla qarşılanır.

Exit mobile version