İslam suallarda

Namaza təzə başlayan adam öhdəsində nə qədər qəza namazı olduğunu necə öyrənə bilər?

İslam şəriətinə görə, həddi-büluğa, yəni yetkinliyə çatan hər kəs gündəlik vacib namazlarını qılmalı, vacib Ramazan orucunu tutmalı, digər vacib şəriət hökmlərinə riayət etməlidir. Namazın vacib olub-olmadığını bilməmək, ailədə namaz qılan şəxsin olmaması, namazı öyrənməkdə səhlənkarlıq etmək və s. amillərin məsələyə aidiyyatı yoxdur. Hər bir halda yetkinlik yaşından etibarən qılınmalı namazlar qəza edilməlidir.

Yetkinlik yaşı ya fiziki əlamətlərlə, ya da yaşla təyin edilir, bunlardan hansı biri tez baş versə, yetkinlik baş tutmiş sayılır.

Oğlanlar üçün yetkinliyin əlaməti bu üçündən biridir: bədəndən (istər oyaq, istərsə yuxuda, istər qəsdən, istər qeyri-ixtiyari) məni (sperma) gəlməsi; qarnın aşağı hissəsində və ya sifətdə cod tüklərin bitməsi; qəməri təqvimlə 15 yaşın tamam olması.

Qızlarda isə qəməri təqvimlə 9 yaşın tamam olması yetkinliyin əlaməti sayılır.

Qəməri il miladi ildən 11-12 gün qısa olduğu üçün oğlanlar təxminən 14 yaş yarımda, qızlar isə 8 yaş doqquz aylıqda yetkin sayılırlar.

Oğlan uşağı yuxarıdakı fiziki əlamətlərdən birinin nə zaman baş verdiyini xatırlayırsa, yetkinliyin başlanğıcı kimi qəbul etməlidir. Əgər bunları xatırlamırsa və ya gec baş veribsə, o halda yaş həddini yetkinliyin başlanğıcı kimi götürməlidir. Göstərilən yaş həddi tamam olduqdan sonra hər günün qılınmamış vacib namazını və tutulmamış vacib orucunu qəza etmək lazımdır.

Daha çox göstər
Back to top button