Almaniyada İslam ilahiyyatı fakültəsi açıldı

Münster Universitetində yeni fakültə – İslam ilahiyyatı fakültəsi açılıb. O, elmi mərkəzin bazasında yaradılıb. Bu hadisə təkcə Almaniya üçün deyil, bütövlükdə Avropa üçün də əhəmiyyətlidir.

1 iyul, çərşənbə günü Münster Universitetində İslam ilahiyyatı fakültəsi açıldı. Bu, yalnız Almaniyada deyil, bütün Qərbi Avropada dövlət universitetində ilk belə fakültədir.

Avropa üslubunda İslam ilahiyyatı

Deutsche Welle saytı yazır ki, tarixi olaraq Münster güclü ilahiyyat məktəbi ilə tanınır. İndi burada ilk dəfə olaraq iki xristian məzhəbinin nümayəndələri və İslam ilahiyyatı üzrə mütəxəssislər bir dam altında birləşirlər. Beləliklə, Münsterdə Avropada dövlət universitetində ilk İslam ilahiyyatı fakültəsi açıldı. İslam ilahiyyatı fakültəsi bir müddətdir Sarayevoda mövcuddur, lakin dövlət universitetinin strukturu ilə inteqrasiya olunmayıb.

Yeni fakültənin dekanı Avstriyalı sosioloq və dinşünaslıq müəllimi, Münster Universitetinin İslam ilahiyyatı mərkəzinin rəhbəri Muhanad Korşid oldu. O, artıq 15 ildir universitetdə çalışır. 54 yaşlı dekan həm də böyük məsuliyyətdən danışır: “ Mənim unikal bir tarixdə iştirak etmək imkanım var. Biz bu unikal imkandan istifadə etmək və açıq, maarifçi İslamı müdafiə etmək istəyirik”.

Hazırda fakültə mərkəzin yerləşdiyi köhnə binada fəaliyyət göstərir. 2021-ci ildə Münster Universitetinin ərazisində “Dinlər kampusu”nun tikintisinə başlanılıb. Açılış 2027-ci ildə planlaşdırılır. Yeni binada katolik, protestant, islam ilahiyyatı və dinşünaslıq fakültələri bir dam altında yerləşəcək.

Proqramın tam fakültəyə çevrilməsi İslam ilahiyyatının universitetdə statusunu yüksəldir və akademik siyasət üçün mühüm əhəmiyyət daşıyır. Yeni status fakültəyə elmi dərəcələr vermək, öz tədqiqatçılarını formalaşdırmaq və elmi ictimaiyyətdə daha görünən rol oynamaq imkanı verir. Bundan əlavə, bu, elmi araşdırmalar üçün xarici maliyyə cəlb etməyi asanlaşdırır.

İslam dini təhsili – tələb olunan ixtisas

2012-ci ildə İslam ilahiyyatı mərkəzində cəmi 15 tələbə və üç əməkdaş vardı. Yeni fakültənin dekanı gələcəkdə tələbələrin sayının 500-dən çox olacağını gözləyir. Artıq burada səkkiz professor və 50-dən çox əməkdaş çalışır. Dekan təhsil yerlərinə tələbdən narahat deyil, çünki bütün Almaniyada dövlət məktəblərində İslam dini təhsilinin tətbiqi prosesi gedir. Yalnız Şimali Reyn-Vestfaliya əyalətində bunun üçün 3000-ə qədər müəllim tələb olunur, halbuki hazırda onların sayı təxminən 330-dur. Bu isə fakültənin gələcək məzunları üçün real karyera perspektivləri açır.

2027-ci ildən “İslam və sosial iş” ixtisası üzrə magistr proqramının açılması planlaşdırılır. Bu ixtisasla məzun olanlar sosial sahədə – gənclərlə iş, xəstələrə və yaşlılara qayğı göstərmək sahəsində tələb olunacaqlar. Dekan Qurana elmi və müasir yanaşmaya, dinlərarası dialoqa və dünyaya açıq İslama üstünlük verir.

24 sentyabrda fakültənin açılışına həsr olunmuş təntənəli tədbir keçiriləcək. Yeni fakültənin yaradılmasında Alman siyasətçisi, 2005–2013-cü illərdə federal təhsil naziri olmuş Annette Schavan mühüm rol oynayıb. Onun sözlərinə görə, İslam ilahiyyatı fakültəsinin açılması “ümumilikdə akademik ilahiyyatın güclənməsi” deməkdir. “O, bütün Avropada tanınacaq”, – Xristian Demokrat Birliyinin siyasətçisi əmindir.

 

Mənbə: https://www.dw.com

Exit mobile version