Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 6–8 iyul tarixlərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək “İslam sivilizasiyası: sülh, tolerantlıq və maarifləndirmə yolu” adlı I Beynəlxalq İslam Forumunda iştirak edəcək.
Özbəkistan Respublikasının evsahibliyi edəcəyi tədbir çərçivəsində dövlət rəsmiləri, tanınmış din xadimləri, transmilli təşkilatların, aparıcı elm-təhsil müəssisələrinin və media platformalarının rəhbərlərinin iştirakı ilə plenar iclaslar, elmi konfranslar, strateji müzakirələr və təqdimatlar baş tutacaq.
İlk dəfə təşkil olunan Forum XXI əsrdə müsəlman coğrafiyasında sülh mühitinin, qarşılıqlı hörmətin, sivilizasiyalararası dialoqun və qlobal humanitar tərəfdaşlığın təşviqinə xidmət edən yeni bir platforma kimi nəzərdə tutulur.
Forumda İslam dininin humanist mahiyyəti, incəsənəti, əlyazma irsi, elm tarixi, rəqəmsal resursların tətbiqi, mədəniyyətlərarası əlaqələr, həmçinin sülh və dialoq mədəniyyətinin formalaşmasında rolu kimi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
