İranın Ali Liderinin dəfn mərasimi bir həftə davam edəcək

Bu gün İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xameneinin dəfn mərasimi başlayıb. Mərasimdə 100-dən çox dövlətin təmsilçisi, 600 xarici jurnalist iştirak edəcək.
AZƏRTAC İran Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Ali Rəhbərlə vidalaşmaq üçün Çin, Rusiya, Türkmənistan, Gürcüstan, Pakistan, İndoneziya, Hindistan, Kuba və digər ölkələrdən yüksəksəviyyəli nümayəndələr gələcəklər. Tehranın Böyük Müsəlləh məscidində keçiriləcək mərasimdə milyonlarla insanın iştirak edəcəyi gözlənilir. Mərasimə İranda yaşayan dini və etnik azlıqların rəhbərləri də qatılacaqlar.
İran Prezidenti Məsud Pezeşkian televiziya müraciətində xalqı dəfn mərasimində hamılıqla iştiraka dəvət edib.
İranın mədəniyyət və islam irşad naziri Abbas Salehi bildirib ki, bir həftə davam edəcək mərasimdə 15-20 milyon insan iştirak edəcək. Tehranda keçirilən vida mərasimi başa çatdıqdan sonra İraqın Kərbəla, Nəcəf, Kufə şəhərlərində də kütləvi mərasimlər keçiriləcək. Bütün mərasimlər başa çatdıqdan sonra iyulun 9-da cənazə Məşhəd şəhərinə gətirilərək torpağa tapşırılacaq.
İraq Silahlı Qüvvələrinin açıqlamasına görə, mərasimlərlə əlaqədar müqəddəs Nəcəf və Kərbəla şəhərlərində ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.






