“İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb

Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) tərəfdaşlığı ilə Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində 3-5 iyul tarixlərində keçirilən “İƏT Gənclərinin Yay Düşərgəsi – 2026” uğurla başa çatıb. Düşərgə əsasən, Azərbaycanda təhsil alan İƏT üzv ölkələrdən və qismən yerli tələbələrdən ibarət olmaqla, ümumilikdə, 60 nəfər gənci bir araya gətirərək, onları strateji əməkdaşlıq, innovasiya və beynəlxalq şəbəkələşmə sahəsində birləşdirib.

Düşərgənin birinci günü təlimlər sessiyasında, mərkəzin layihə meneceri Nurlan Mollayevin rəhbərliyi ilə keçirilən “Şəbəkələşmə” sessiyası gənclər arasında əlaqələrin qurulmasına həsr olunub. Daha sonra “Azərbaycan İƏT Tələbələr Assosiasiyası”nın baş katibi Momeena Mehdinin moderatorluğu ilə keçirilən “Yaradıcı sessiya”nda iştirakçıların innovativ düşüncə qabiliyyətləri müzakirə olunub. Bu sessiya çərçivəsində “Azərbaycan İƏT Tələbələr Assosiasiyası”nın gələcək quruculuq prosesi geniş müzakirə olunub və bu təşəbbüs iştirakçılar tərəfindən region gəncləri arasında dayanıqlı platformanın formalaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilib. İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktorunun müavini Ramin Həbibzadə düşərgənin strukturu və qarşıya qoyulan strateji hədəflər barədə iştirakçılara ətraflı məlumat verib.

Günün ən əlamətdar hadisəsi Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbovun iştirakçılarla görüşü olub. Görüş zamanı nazir Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətlərindən, gənclərin şəxsi inkişafı və cəmiyyətdəki fəal mövqeyi üçün yaradılan geniş imkanlardan bəhs edib. Daha sonra görüş interaktiv müzakirə formatında davam edib.

Tədbirin ikinci günü düşərgə öz işinə gimnastika idman növü üzrə səhər idmanı və rəsmi diplomatik görüşlə başlayıb. İştirakçılar İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Berlian Helmi ilə görüşüblər. Səfir gənclərlə söhbətində beynəlxalq arenada diplomatiya, dövlətlərarası əlaqələrin gənclər vasitəsilə gücləndirilməsi və mədəniyyətlərarası dialoqda gənclərin iştirakının əhəmiyyəti haqqında öz təcrübəsini bölüşüb.

Düşərgə ərzində gənclər  aktiv idman sessiyaları, “3 Söz Çağırışı” adlı ideaton və Kür çayında gəzinti,  Azərbaycan Süni İntellekt Platformasının yaradıcı direktoru Emil Abdullayevin rəhbərliyi ilə “Rəqəmsal bacarıqlar və süni intellekt” mövzusunda təlim,  ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin izlənməsi, “Mentimeter” platforması vasitəsi ilə müzakirələr, avarçəkmə idman növü ilə tanışlıq kimi fəaliyyətlərlə də məşğul  olublar.

Exit mobile version