Şavkat Mirziyoyev: İslam dəyərləri əsrlər boyu elmi-mədəni dirçəlişin güclü mənbəyi olub

İslam dəyərləri əsrlər boyu elmi-mədəni, mənəvi kamilliyin dirçəlişinin güclü mənbəyi olub, həmçinin bəşər irsinə böyük töhfələr verib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin I Beynəlxalq İslam Sivilizasiyası Forumunun iştirakçılarına müraciətində yer alıb.

Özbəkistan liderinin müraciətində deyilir: “Bu gün dünya dərin və sürətli transformasiya dövrünü yaşayır. Bəşəriyyət elm və texnologiyada misli görünməmiş irəliləyişlərə nail olmaqla yanaşı, eyni zamanda ciddi çətinliklər və problemlərlə üzləşir: münaqişələr və qarşılıqlı inamsızlıq güclənir, dağıdıcı ideyalar, dözümsüzlük, ekstremizm və islamofobiya yayılır. Mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında toqquşma yaratmaq, müxtəlif xalqların adət-ənənələrini bir-birinə zidd etmək cəhdləri güclənir”.

Şavkat Mirziyoyev vurğulayıb ki, belə çətin şəraitdə İslam dəyərləri də daxil olmaqla nəcib ideallar uzun müddət dinc və sakit bir həyat, bəşəriyyətin təkamül inkişafı, harmoniya və maariflənmə arzusu üçün möhkəm təməl rolunu oynayır”. O əlavə edib: “Məlumdur ki, əsrlər boyu bu dəyərlər elmi tərəqqinin, mədəni dirçəlişin və mənəvi kamilliyin güclü mənbəyi kimi dünya təfəkkürünün inkişafına əvəzsiz töhfə verib və ümumi bəşəri irsin ayrılmaz hissəsinə çevrilib”.

Prezident Mirziyoyev qeyd edib ki, Özbəkistanın 2017-ci ildə Birləşmiş Millətlər Təşkilatında irəli sürdüyü “Cahillik əleyhinə maarifləndirmə” konseptual ideyası sadə və mübahisəsiz bir həqiqəti bir daha təsdiqləyir: qarışıq və narahat dövrümüzdə yalnız elm, təhsil, tərbiyə, mədəniyyət və yüksək mənəvi dəyərlər Yer üzündə sülhün, qarşılıqlı anlaşmanın, sosial harmoniyanın və davamlı inkişafın təməli ola bilər.

“Müqəddəs dinimiz İslam insan ləyaqətini ucaldır və həqiqət axtarışına, bilik və maariflənməyə, elmi kəşflərə, yaradıcılığa, təhsilin, incəsənətin və mədəniyyətin inkişafına ilham verir…Biz I Beynəlxalq İslam Sivilizasiyası Forumuna müxtəlif ölkələrin və beynəlxalq təşkilatların, tədqiqat mərkəzlərinin, universitetlərin, muzeylərin, kitabxanaların və tədqiqat institutlarının intellektual potensialını birləşdirəcək qlobal əməkdaşlığın yeni mərhələsi kimi baxır və bu istiqamətdə birgə fəaliyyət planının qəbul edilməsinə ümid etdiyimizi bildiririk”, -deyə Özbəkistan Prezidenti bildirib.

Exit mobile version