AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Məhəmməd ibn Haris əl-Xuşaninin “Kitab qudat Qurtuba” (Qurtuba (Kordova) qazıları haqqında kitab) əsəri nəşr edilib.
Kitabı ərəb dilindən tərcümə edən, eləcə də qeyd və şərhlərin müəllifi institutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi dosent Nüşabə Bayramlıdır. Məhəmməd ibn Haris əl-Xuşaninin “Kitab Qudat Qurtuba” X əsr ispan-ərəb ədəbiyyatında bioqrafiya janrında yazılmış əsərdir. Əsərdə VIII əsrin ortalarından başlayaraq 969-cu ilə qədər Əndəlüs şəhərində fəaliyyət göstərmiş baş qazıların həyat və iş təcrübələrindən bəhs edən hekayətlər verilib.
“Kitab Qudat Qurtuba” orta əsrlərdə qazılıq fəaliyyəti barədə yazılmış mühüm tarixi mənbələrdən biri hesab olunur. Əsərin günümüzədək gəlib çatmış yeganə əlyazması ilk dəfə ispaniyalı tədqiqatçı J. Ribero Tarraqo tərəfindən ispan dilinə tərcümə edilərək 1914-cü ildə Madriddə nəşr olunub.
Şərqşünaslıq İnstitutunun nəşr etdiyi kitabda əvvəlcə Nüşabə Bayramlının hazırladığı Əndəlüs Əməvilər xilafətinin tarixinə qısa baxış və əsərin yazılma dövrü haqqında məlumat verilir. Daha sonra əsərin müqəddiməsi, qazı vəzifəsinin təklif olunduğu, lakin bu vəzifədən imtina edən Kordova sakinləri haqqında fəsil, eləcə də şəhərin 44 qazısı barədə məlumatlar yer alır.
Qeyd edək ki, “Kitab Qudat Qurtuba” əsəri ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə olunub.
Nəşr orta əsrlər müsəlman hüquq tarixi ilə məşğul olan tədqiqatçılar, eləcə də geniş oxucu auditoriyası üçün mühüm elmi mənbə kimi əhəmiyyət daşıyır.
