İstanbuldakı Ayasofya məbədinin məscid olaraq yenidən ibadətə açılmasından altı il ötür.
AZƏRTAC xəbər verir ki, məbəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 86 ildən sonra ilk cümə namazı ilə yenidən məscid kimi istifadəyə verilib. Bu münasibətlə dünyanın müxtəlif bölgələrindən insanlar İstanbula axın ediblər. Həmin gün şəhərin Ayasofyaya yaxın 21 məscidi gələn ziyarətçilərə xidmət göstərmək üçün gecə boyu açıq saxlanılıb.
Türkiyə Prezidentinin “Qurani-Kərim”dən ayələr oxuması ilə ibadətə açılan bu məbəd ilk dəfə 1453-cü ildə, Sultan Mehmed tərəfindən İstanbulun fəthindən sonra məscidə çevrilib. Şəhərin fəthindən dərhal sonra İstanbul fatehi Ayasofyaya gələrək ilk namazını məhz burada qılıb.
Dünya memarlıq tarixinin günümüzədək gəlib çatan ən görkəmli abidələrindən olan Ayasofya möhtəşəmliyi, ölçüsü və funksionallığı ilə bəşəri sənət aləmində mühüm yer tutur.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Ayasofya məscidində aparılan genişmiqyaslı bərpa və möhkəmləndirmə işlərinin yeni mərhələsinə start verib.
Bununla bağlı nazirlikdən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Vəqflər Baş İdarəsi tərəfindən Ayasofya məscidində həyata keçirilən, Türkiyənin Cümhuriyyət tarixinin ən genişmiqyaslı mühafizə, bərpa və möhkəmləndirmə işlərində yeni mərhələyə keçilib. Layihə çərçivəsində əsas günbəzdə aparılacaq işlərin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün quraşdırılmış müvəqqəti polad konstruksiya yüksək təhlükəsizlik standartlarına cavab verən qoruyucu brezentlə örtülür. Bu tədbir günbəzi və onun daxilindəki tarixi mozaikaları hava şəraitinin təsirindən qorumağa xidmət edir.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, bərpa prosesi Elmi Şuranın nəzarəti altında aparılır, tarixi abidənin orijinal quruluşu qorunur və bütün proses elmi prinsiplərə uyğun həyata keçirilir. Onun sözlərinə görə, Ayasofya Cümhuriyyət tarixində ən genişmiqyaslı bərpa layihəsindən keçir.
Nazir həmçinin bərpa işləri müddətində Ayasofyanın ibadət edənlər və turistlər üçün açıq qalacağını deyib.
Qeyd edək ki, Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
