İslam suallarda
Hədisi-qüdsi nədir?

Bu söz ərəb dilində “müqəddəs hədis” deməkdir. Mənası Allah-taalaya, amma forması (söz quruluşu) Həzrət Mühəmməd Peyğəmbərə (s) aid olan kəlamlara hədisi-qüdsi deyilir. Başqa sözlə, hədisi-qüdsi elə kəlamdır ki, bunu Allah Peyğəmbərə məna şəklində vəhy edib, amma Peyğəmbər onu söz qəlibinə salaraq insanlara çatdırıb.
Quran ayələri ilə hədisi-qüdsi arasında 6 əsas fərqin olduğunu qeyd edirlər:
- Quran leksik baxımdan bənzərsiz və təkrarsızdır, yəni ecazı (möcüzəvilik xüsusiyyəti) vardır, hədisi-qüdsidə bu xüsusiyyət yoxdur.
- Namazda yalnız Quranın ayələri oxunmalıdır, hədisi-qüdsini namazda oxumaq olmaz.
- Quranı inkar edən kafirdir, hədisi-qüdsini inkar edən isə kafir sayılmaz.
- Quran vəhy mələyi Cəbrailin vasitəsilə nazil olub, hədisi-qüdsıdə bu xüsusiyyətin olması zəruri deyil.
- Quran məhz olduğu kimi Peyğəmbərə endirilib, hədisi-qüdsinin sözləri isə adətən, Peyğəmbərə məxsus olur.
- Quranın yazısına dəstəmazsız və ya qüslsüz toxunmaq olmaz, hədisi-qüdsiyə isə olar.
XVII əsrdə yaşamış məşhur alim Hürr Amilinin “Əl-Cəvahirüs-səniyyə fil-əhadisil-qüdsiyyə” kitabında 656 hədisi-qüdsi toplanıb.






