Avqustun 5-6-da Lənkəranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə bölgə din xadimləri və dini icma sədrləri üçün “Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində” mövzusunda seminar-treninq keçirilib.
Tədbirin ilk günündə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev çıxış edərək din xadimlərinin cəmiyyətin mənəvi həyatında mühüm rol oynadığını söyləyib, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının, dini maarifləndirmə işinin daha səmərəli təşkilinin və vətəndaşlarla sağlam ünsiyyət bacarıqlarının gücləndirilməsinin vacibliyindən danışıb. O, peşəkar biliklərin artırılmasına xidmət edən bu cür seminarların din xadimlərinin fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə, sağlam dini mühitin möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və cəmiyyətdə dini həmrəyliyin daha da güclənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov “Dini radikalizmlə mübarizədə din xadimlərinin missiyası” mövzusundakı çıxışında cəmiyyətin zərərli meyillərdən qorunmasında ideoloji işin önəmini diqqətə çatdırıb. O bildirib ki, neqativ təsirlərin qarşısını almaq üçün əsas yol cəmiyyətə elmi və obyektiv biliklərin çatdırılmasıdır. Din xadimləri gənclərin yad ideologiyaların təsiri altına düşməməsi üçün qabaqlayıcı tədbirlər görməli, cəmiyyəti sağlam dəyərlər ətrafında birləşdirməlidirlər.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov qarşılıqlı etimad mühitinin yaradılması və mənəvi xidmətin təkmilləşdirilməsi yollarından danışıb. O, din xadimlərinin etibarlı elmi mənbələrə əsaslanmasının, öz əməlləri ilə nümunəvi davranış sərgiləməsinin, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının, eləcə də ictimai xeyriyyəçilik fəaliyyətinin əhəmiyyətindən bəhs edib.
Seminar-treninqin ikinci günündə Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, “Hacı Cavad” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev din xadimlərinin gördükləri işin səmərəsini artırmaq üçün fəaliyyətlərini dövrün tələblərinə uyğunlaşdırmalı olduqlarını vurğulayıb. Sadəcə dini bilikləri ötürmək kifayət deyil, müasir kommunikasiya vasitələrinin imkanlarından da yararlanmağın faydalı olduğuna diqqət çəkən İ.Quliyev bu istiqamətdə rəqəmsal bacarıqların və sosial məsuliyyət prinsipinin vacibliyini dilə gətirib.
Daha sonra Bakı İlahiyyat Kollecinin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə rəqəmsal dünyanın və sosial şəbəkələrin dini maarifləndirmədəki yeri barədə məruzəsində internet məkanında rast gəlinən saxta xəbərlərə və manipulyasiyalara qarşı həssas olmağın zəruriliyini ifadə edib. Bildirib ki, ruhanilər internet resurslarından cəmiyyətin xeyrinə faydalanmaqla yanaşı, qanunvericiliyin tələblərinə və etiket normalarına qəti şəkildə əməl etməlidirlər.
Qeyd edək ki, seminarın əsas məqsədi din xadimlərinin intellektual səviyyəsini artırmaq, onların peşəkar fəaliyyətini dövrün tələblərinə uyğunlaşdırmaq və vahid platforma yaratmaqdır. Bu kimi təşəbbüslər din xadimlərinin cəmiyyətə inteqrasiyasını dərinləşdirir, milli-mənəvi irsimizin yaşadılmasına və radikal meyilərlə effektiv mübarizəyə xidmət edir.
