Zarafat etməyə dinimiz necə yanaşır?

İslam yüksək əxlaqi dəyərləri təbliğ edir və müsəlmanları da bu dəyərlərə tabe olmağa təşviq edir. Hər bir halal (mübah) əməl öz yerində və miqdarında olmalıdır, heç bir əməldə həddi aşmaq bəyənilmir. Zarafat etmək öz-özlüyündə günah deyil. Hətta bəzi hədislərdə, eləcə də qədim şeir nümunələrində məsumların incə zarafat etmələri barədə xəbərlər vardır. Amma zarafat abırsızlıq həddinə çatacaq dərəcədə şit olmamalı, qarşı tərəfin qəlbinə toxunmamalı, onu insanların içində rüsvay etməməlidir. Ardıcıl olaraq çox zarafat etmək insanın ciddiliyini aradan qaldırır, onu başqalarının gözündə yüngülləşdirir, müsəlmanlar arasındakı münasibətlərə soyuqluq gətirir. Hədislərdə şit və bayağı zarafatlar etmək insanın həya pərdəsini yırtan günahların sırasında qeyd edilib. Buna görə də zarafatı öz yerində, şəraitə uyğun, incə və könül qırmayacaq dərəcədə etmək məsləhətdir.






