Azərbaycanlı jurnalistlər Səmərqənddə İmam Buxarinin məqbərəsini ziyarət ediblər

Azərbaycanlı jurnalistlər Səmərqənddə İmam Buxarinin məqbərəsini ziyarət ediblər.

“Report”un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, ziyarət Özbəkistana təşkil olunmuş mediatur çərçivəsində baş tutub.İmam Buxari məqbərəsi Səmərqənd vilayətinin ən mühüm dini və tarixi obyektlərindən biridir.

Ziyarət zamanı Azərbaycanın media nümayəndələri İmam Buxarinin qəbri, məscid, muzey və kitabxanadan ibarət xatirə kompleksinin ərazisi ilə tanış olublar. Jurnalistlərə kompleksin yaradılma tarixi, İmam Buxarinin həyatı və elmi irsi, eləcə də onun İslam elmindəki xüsusi rolu barədə məlumat verilib.

Mediatur iştirakçıları kompleksin muzey hissəsinə xüsusi diqqət yetiriblər. Burada İslam mədəniyyəti və İmam Buxarinin irsi ilə bağlı əlyazmalar və müxtəlif tarixi materiallar nümayiş olunur. Həmçinin muzeydə müxtəlif ölkələrin nümayəndələri tərəfindən kompleksə hədiyyə edilmiş müqəddəs Qurani-Kərimin nüsxələri saxlanılır.

İştirakçılara bildirilib ki, kompleks müxtəlif ölkələrdən gələn dindarlar üçün ziyarətgah və alimin mənəvi irsinin qorunub saxlanıldığı mühüm mərkəzdir. Jurnalistlər həmçinin kompleksin memarlıq xüsusiyyətləri və ziyarətçilər üçün yaradılmış müasir infrastrukturla tanış olublar.

İmam Buxari ən nüfuzlu İslam alimlərindən biri və İslam ənənəsində ən önəmli hədis toplularından biri olan “Səhih əl-Buxari” hədislər toplusunun tərtibçisi hesab olunur.

Exit mobile version