Rusiya, Özbəkistan və Azərbaycan Şəmail ən-Nəbi əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər

Rusiya, Özbəkistan və Azərbaycan Məhəmməd peyğəmbərin xüsusiyyət və fəzilətlərinə həsr olunmuş “Şəmail ən-Nəbi” (“Peyğəmbərin fəzilətləri”) əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər.
“Report”un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Dini İdarəsi sədrinin birinci müavini, “Mədinə” nəşriyyat evinin (Rusiya) rəhbəri Dəmir Muxitdinov Beynəlxalq mediaforum çərçivəsində keçirilən “Əsrləri birləşdirən irs. İslam sivilizasiyasının mənəvi mənaları” plenar sessiyasında bildirib.
Onun sözlərinə görə, əlyazmanın əsli Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda saxlanılır. Mətn 1859-cu ildə Şihabətdin Mərcaninin şagirdi olmuş tatar şərqşünas alim Hüseyn Faizxanov tərəfindən yenidən yazılıb.
O qeyd edib ki, İslam Araşdırmaları Mərkəzi (Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun struktur bölməsi) ilə əməkdaşlıq müqaviləsi 2024-cü il avqustun 27-də imzalanıb, bundan sonra layihə üzərində işlər başlayıb.
Kitab rus dilinə Elmir Quliyev tərəfindən tərcümə edilib.
“Müasir tərcümə, ilk nəşr həm də geniş oxucu kütləsini, ilk növbədə isə müsəlman şagirdlərini bu gözəl əsərlə tanış etməyə kömək edəcək”, – o qeyd edib.
Muxitdinovun sözlərinə görə, nəşr 415 hədis və 56 fəsl, orijinal əlyazma isə 48 vərəqdən ibarətdir.
Nəşrin hazırlanmasına giriş sözünün müəllifi, Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxalikov, eləcə də rəyçi qismində çıxış edən İmam Tirmizi adına Mərkəzin direktoru Muzaffarxon Joniyev və ilahiyyat doktoru Ruslan Baişev cəlb ediliblər.
Muxitdinov layihənin bütün iştirakçılarına minnətdarlığını bildirib və cari ilin sonuna qədər kitabın kütləvi tirajla buraxılması planları barədə məlumat verib.
“Kitabı hələlik az tirajla hazırlamışıq”, – o bildirib.
O vurğulayıb ki, bu layihə İslam ilahiyyat irsinin qorunması, rəqəmsallaşdırılması, tərcüməsi və nəşrinə yönəlmiş genişmiqyaslı fəaliyyətin bir hissəsidir.






