Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycanda səfəri başlayıb.
Sentyabrın 7-də nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib. Din xadimləri xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Daha sonra Şəhidlər xiyabanı və “Türk Şəhidliyi” abidəsinə gələn azərbaycanlı din xadimləri burada qəhrəman Vətən övladlarının ruhuna dualar oxuyublar.
Qeyd edək ki, səfər çərçivəsində qonaqlar Şuşa, Xankəndi və Ağdamda olan tarixi-dini abidələr, qədim ibadətgahlar, mədəni irs nümunələri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.
