Vətənindən kənarda yaşayan diaspor nümayəndələri Azərbaycanın dövlət siyasətinin təbliğinə töhfə verirlər.
Bunu Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ankarada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin müsəlman diasporlarının I Forumunun iştirakçılarına müraciətində bildirib.
O vurğulayıb ki, diasporların rolu yalnız öz ölkələrinin maraqlarının müdafiəsinə töhfə verməklə məhdudlaşmır. “Diasporlar ölkələr və xalqlar arasında körpü rolunu oynayır, yaşadıqları cəmiyyətlərin sosial, iqtisadi, elmi və mədəni həyatına mühüm töhfələr verir, eyni zamanda, tarixi Vətənləri ilə əlaqələri diqqətlə qoruyur, milli kimliyin, dilin və mədəni irsin keşiyində dayanırlar. Biz qəti əminik ki, xaricdə yaşayan soydaşlarla bağlı müasir siyasətin mahiyyəti diaspor təşkilatları ilə münasibətlərin qurulması ilə məhdudlaşmır. Əsas vəzifələrimizdən biri diasporun bilik, təcrübə və potensialından səmərəli istifadə etmək, onun tarixi Vətənlə əlaqələrini möhkəmləndirmək və əməkdaşlıq üçün yeni imkanlar yaratmaqdır”, – deyə F.Muradov bildirib.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev diaspor məsələsinə, xaricdə yaşayan soydaşların kimliyinin qorunmasına, onların mədəni inteqrasiyasına və yaşadıqları ölkələrin ictimai həyatında fəal iştirakının təşviqinə xüsusi əhəmiyyət verir. F.Muradov diaspor nümayəndələrinin gənc nəsli ilə işin bu gün xüsusilə vacib olduğunu bildirib. Onun sözlərinə görə, yay düşərgələri və dil məktəbləri də daxil olmaqla, çoxsaylı proqramlar diasporla əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verir. “Azərbaycan Prezidentinin siyasətini rəhbər tutaraq, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı icmalarla əlaqələrin genişləndirilməsinə, diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsusi əhəmiyyət veririk”, – deyə o bildirib.
“Diskriminasiya ilə mübarizə və stereotiplərin aradan qaldırılması, irsin və milli kimliyin qorunması, gənc nəslin Vətənlə əlaqələrinin saxlanılması, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya da daim bizim diqqətimizi tələb edir”, – deyə Dövlət Komitəsinin rəhbəri sözlərinə davam edib.
F.Muradov daha sonra qeyd edib ki, müasir mərhələdə İƏT ölkələrinin diasporları yalnız ümumi imkanların üzə çıxarılmasına deyil, həm də çağırışlara qarşı mübarizəyə dəstək verir.
