AzərbaycanXəbərlər

Ağdaşda keçirilən regional konfrans işini yekunlaşdırıb

Ağdaş rayonunda “Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi” mövzusunda keçirilən regional konfrans sentyabrın 9-da işini panel sessiyalarla davam etdirib.
“Azərbaycan birgəyaşayış nümunəsi kimi: tarixi ənənələr və müasir çağırışlar” mövzusundakı I panel sessiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədovun moderatorluğu ilə keçirilib.
“Azərbaycanın birgəyaşayış ənənəsi: tarixi təcrübədən müasir modelə” adlı təqdimatla çıxış edən Bakı İlahiyyat Kollecinin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Əhmədzadə Azərbaycanın coğrafi mövqeyinin onun tarixini müəyyən edən mühüm amillərdən biri olduğunu, ölkəmizdə fərqli etnik və dini icmaların birgə yaşamaları üçün sosial-mədəni mühitin tarixən formalaşdığını bildirib. Qeyd edib ki, müxtəlif konfessiyaların və xalqların öz dini, mədəni ənənələrini yaşatmaları bu çoxəsrlik təcrübənin vacib elementlərindəndir.
Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov ölkəmizin birgəyaşayış ənənəsinin əhəmiyyətli hissəsinin “başqasına dözmək”dən əlavə, fərqli dini mənsubiyyətlərin ümumi vətəndaş kimliyi daxilində qəbul etməkdən qaynaqlandığını deyib. Tolerantlığın birölçülü anlayış olmadığını diqqətə çatdıran A.Qənbərov vurğulayıb ki, Azərbaycanda başqa dinlərə münasibətdə təqdirəlayiq dözümlülük mövcuddur ki, bu da Azərbaycan xalqının təfəkkür tərzinin özünəməxsus müsbət xüsusiyyətidir.
Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə qazısı, Kürdəmir şəhəri “İmam Rza” məscidinin imamı Fizuli Cəfərov Azərbaycanın tarixən ayrı-ayrı dinlərin, mədəniyyət mənsublarının bir arada yaşadığı ölkə olmasının üstünlükləri barədə danışıb. Əlavə edib ki, milli-mənəvi dəyərlərimiz, İslam əxlaqı, ailə və qonşuluq münasibətləri, qarşılıqlı hörmət, dözümlülük xalqımızın mənəvi dayaqlarındandır. Buna görə dini həmrəylik həm də milli birlik və dövlətçilik məsələsidir.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun moderatorluğu ilə keçirilən “Məzhəbçilik zəminində radikallaşma: risklər və mübarizə yolları” adlı II panel sessiyada mövzu ilə bağlı müzakirələr aparılıb.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Bakı şəhəri, Yasamal rayonu “İlahiyyat” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov multikulturalizmin, tolerantlığın, milli-mənəvi dəyərlərin yüksək səviyyədə qorunduğu və inkişaf etdirildiyi cəmiyyətlərdə bütün cəhdlərə baxmayaraq, radikal, eləcə də qeyri-ənənəvi cərəyanların fəaliyyətinin birmənalı olaraq qəbul olunmadığını deyib. Bu tip mənfi tendensiyalara qarşı mubarizədə ilk növbədə həmin anlayışın yaranma səbəbləri və mahiyyətini öyrənməyin vacibliyini qeyd edən V.Səmədov radikalizmin məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq, dini motivlərlə törədilən terror aktlarında daha çox özünü göstərdiyini diqqətə çatdırıb.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov fərqli dini baxışların mövcudluğunun cəmiyyətin sosial və mədəni rəngarəngliyini artırması, insanlar arasında qarşılıqlı fikir mübadiləsi üçün imkanlar yaratması baxımından əhəmiyyətli olmasından bəhs edib. Dini müxtəlifliklərin düzgün anlaşılmaması, savadsızlıq, stereotiplər və yanlış təsəvvürlər məzhəbçilik meyillərinin yaranmasına və güclənməsinə səbəb ola bilər. Belə hallarda fərqli düşüncələr qarşılıqlı anlaşma və əməkdaşlıq mənbəyi olmaq əvəzinə, ayrı-seçkilik və qarşıdurma vasitəsinə çevrilə bilər.
Mövzu ilə bağlı təqdimatla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov məzhəb və məzhəbçilik anlayışlarını şərh edib. Bildirib ki, məzhəblər dini hüquq məktəbləri olmaqla yanaşı, həm də coğrafi, tarixi və sosial şəraitin təsiri ilə formalaşan mədəni müxtəlifliklərdir. Ayrı-ayrı coğrafi məkanlarda məskunlaşan xalqlar öz adət-ənənələrinə və sosial ehtiyaclarına müvafiq olaraq məzhəbi yanaşmaları mənimsəyiblər. Radikalizm və ekstremizmlə mübarizə məsələsinə də toxunan A.Qafarov bu istiqamətdə inzibati qadağalardansa, mənəvi birliyin daha təsirli rol oynadığını vurğulayıb.
Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarında fəaliyyət göstərən ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirak etdikləri ikigünlük regional konfrans müzakirələrlə yekunlaşıb.

Daha çox göstər
Back to top button