Bir şəxs orucun kəffarəsi olaraq yedizdirmək üçün altmış nəfər fəqir tapmasa, nə etməlidir?

Şəriətimizə görə, vacib orucunu tutmadığı üçün boynuna kəffarə gələn şəxs hər günün orucunun əvəzinə altmış nəfər fəqir şəxsin hər birinə bir müdd miqdarında, yəni 750 qram çəkidə yemək verməlidir. Fəqir deyərkən maddi vəziyyəti həddən artıq ağır olan, özünü və öhdəsindəki ailəsini saxlaya bilməyən, dolanışıq üçün başqalarına möhtac qalan adam nəzərdə tutulur.
Öhdəsində kəffarə olan şəxs altmış nəfər fəqir tapıb hər birinə ayrı-ayrılıqda 750 qram yemək verməlidir. Əgər fəqirin ailəsində bir neçə nəfər özü kimi fəqir varsa, – yetkinlik yaşına çatmasalar belə, – insan onların hər biri üçün adambaşına 750 qram hesablayaraq ümumi ərzağı ailə başçısına təqdim edə bilər. Məsələn, bir fəqirin ailəsində onun öhdəsində olan daha üç nəfər varsa, ona dörd pay (hər pay 750 qr. olmaqla) qida verilə bilər.






