Qurani-Kərimə və Tövrata göə Bəni-İsrail (İsrail övladları) Həzrət Yəqub Peyğəmbərin (ə) nəslindən olanlara deyilirdi. “İsrail” Yəqub Peyğəmbərin (ə) ləqəbidir. Hədislərə görə, bu sözün mənası “Allahın bəndəsi” deməkdir.
Həzrət Yəqub Peyğəmbərin (ə) 12 oğlu vardı. Bunların adı Bibliyada xatırlanır: İuda (Yəhuda), Ruvim, Simeon, Leviy, İssaxar, Zavulon, Dan, Neffalim, Qad, Asir, İosif (Yusif) və Beniamin (Bünyamin). Yəhudi milləti bu 12 oğuldan törəmiş və qollara ayrılmışdı. Qurani-Kərimdə bu qollar “əsbat” adı ilə təqdim edilir. Sonralar İosif qolu iki hissəyə bölündü: Manassiya və Yefrem qolları. Leviy qolu isə özünü ibadətə həsr etdiyi üçün bu qolun nümayəndələri siyasi hadisələrə və hərbi yürüşlərə qatılmırdılar; buna görə də ələ keçirilmiş yaşayış yerləri bölüşdürüləndə Levilər üçün yer ayrılmır, onlara qənimətlərdən pay verilmirdi. Yerusəlim məbədində (Beytül-Müqəddəs) də onlar xidmət edirdilər. Ümumiyyətlə, Bəni-İsrailin dini idarəçiliyi bu nəslin əlində cəmləşmişdi. Həzrət Musa və Harun peyğəmbərlər (ə) də Leviy qolundan idilər.
