İslam dininə görə gündəlik namazları qılmaq hər kəsə vacibdir (paklığı pozulmuş qadından başqa) və heç bir bəhanə ilə namazı qılmamağa icazə verilmir. Şəriətimizə görə namazın bütün əməllərini lazım olduğu şəkildə qıla bilməyən şəxs güzəştlərdən istifadə edə bilər. Yəni əgər namazın ayaq üstə edilməli əməllərini yerinə yetirmək üçün ayaq üstə dura bilmirsə, namazı oturmuş vəziyyətdə qılmalıdır. Əgər oturmaq da mümkün deyilsə, onda namazı uzanmış halda qılmağa icazə verilir.
Uzanmış halda namaz qılan şəxs sağ böyrü üstə elə uzanmalıdır ki, üzü və bədəninin ön hissəsi qibləyə sarı olsun. Əgər sağ böyrü üstə uzanmaq mümkün deyilsə, sol böyrü üstə uzanmaq lazımdır. Əgər nə sağ, nə də sol böyrü üstə uzanmaq mümkün deyilsə, bu halda ayaqlarının altı qibləyə yönəlmiş halda uzanmalı və namaz əməllərini bu vəziyyətdə işarə ilə yerinə yetirməlidir. Bunların ətraflı hökmləri şəriət kitablarında – risalədə yazılıb.
