İslam suallarda

Kərbəlada İmam Hüseynin (ə) hərəmində dəfn edilmiş Seyyid İbrahim kimdir?

Seyyid İbrahim Mücab İmam Kazimin (ə) oğlu imamzadə Mühəmmədin övladıdır. İmamzadə Mühəmməd daim dəstəmazlı gəzər, namaz və zikrlə məşğul olardı. Bu üzdən ona “Mühəmmədül-abid” deyirdilər. O, Şirazdakı Şahçıraq hərəmində, qardaşının yanında dəfn olunub. İbrahim Mücab Kərbəlada, ulu babası İmam Hüseynin (ə) məzarının yanında məskunlaşmış ilk seyyid sayılır. Əhli-Beytə qarşı zülmləri ilə tanınan Abbasi xəlifəsi Mütəvəkkilin ölümündən sonra yaranmış nisbi sakitlikdən istifadə edərək Seyyid İbrahim Kufədən Kərbəlaya köçdü.

Ərəb dilində “Mücab” cavab verilən mənasını bildirir. Rəvayətə görə, Seyyid İbrahim İmam Hüseynin (ə) məzarının yanında duraraq onun ruhuna salam göndərmiş, bu zaman məzardan onun salamına cavab eşidilmişdi. Buna görə imamzadəyə həmin ləqəb verildi. Vəfat etdikdən sonra Seyyid İbrahim Kərbəlada, İmam Hüseynin (ə) hərəminin içində, müqəddəs məzardan bir neçə addım məsafədə dəfn edildi. Bu gün də Kərbəlani ziyarət edənlər onun məzarına öz ehtiramlarını bildirirlər.

Daha çox göstər
Back to top button