Allah pis və bəyənilməyən işlər görməyə də qadirdir, yoxsa Onun qüdrəti yalnız xeyirlə məhdudlaşır?

Allah heç zaman bəyənilməz və şər işlər görməz, belə işlərə razı olmaz, çünki bu, Onun paklıq, xeyirxahlıq, rəhmlilik, ədalət və s. sifətlərinə ziddir. Şər törətmək zülm deməkdir, Allah isə zülmkarlıqdan uzaqdır. Allah pisliyə qadir olduğu halda heç zaman bunu etməz.
İnsanın özündən asılı olmayaraq başına gələn bəzi hadisələr əslində onun xeyrinə olsa da, insan bunu şər kimi anlayır. Allahın bütün qüdrəti yalnız xeyrə yönəlmişdir, amma insan bəzən baş verən hadisələrin mənasını dərk etmir. Çünki insan şüuru həqiqətləri tamamilə dərk etməkdən acizdir. Bu ona bənzəyir ki, xəstələnmiş körpəyə sağalması üçün iynə vururlar. Onu gələcəkdə gözləyən xəstəlik təhlükəsi iynə ağrısından qat-qat dəhşətlidir. Amma körpə bunu anlamadığı üçün müqavimət göstərir, ağlayır və qışqırır. Allahın sonsuz hikməti qarşısında insanın biliyi də bu cürdür.






