Aİİ-də “İslam şəhərsalma mədəniyyətində elm, təhsil və ibadət məkanlarının qarşılıqlı əlaqəsi” mövzusunda “dəyirmi masa” keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslam şəhərsalma mədəniyyətində elm, təhsil və ibadət məkanlarının qarşılıqlı əlaqəsi” mövzusunda “dəyirmi masa” keçirilib.

Aİİ İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov şəhərsalma və memarlığın cəmiyyətin mədəni-mənəvi inkişafındakı əhəmiyyətindən bəhs edib. O, İslam mədəniyyətində məscidlərin yalnız ibadət məkanı kimi deyil, həm də elmi, maarifləndirici və ictimai-mədəni həyatın mühüm mərkəzləri olaraq formalaşdığını diqqətə çatdırıb.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, Aİİ İslamşünaslıq kafedrasının müəllimi Zaur Orucov “İslam şəhərsalma mədəniyyətində elm, təhsil və ibadət məkanlarının qarşılıqlı əlaqəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə İslam şəhər mədəniyyətinin formalaşmasında elm, təhsil və ibadət ocaqlarının rolu, bu məkanların şəhərin sosial və mədəni həyatındakı funksiyaları barədə məlumat verilib. İslam şəhərlərində məscid, mədrəsə, kitabxana və digər elmi-maarif ocaqlarının qarşılıqlı əlaqəsi, onların şəhər mühitinin formalaşmasına təsiri diqqətə çatdırılıb.

Z.Orucov İslam sivilizasiyasında şəhər məkanının yalnız yaşayış və ticarət mühiti kimi deyil, eyni zamanda, elm, təhsil, ibadət və ictimai münasibətlərin inkişaf etdiyi mühüm sosial-mədəni məkan olaraq formalaşdığını vurğulayıb.

“Dəyirmi masa” mövzu ətrafında müzakirələrlə davam edib.

Exit mobile version