Azərbaycan xalqının zəfərləri xalq-dövlət birliyi və milli-mənəvi vəhdətimizin bəhrələridir. Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və müdrik dövlətçilik xətti davam etdikcə zəfərlərimiz davam edəcək. Necə ki, 2023-cü ildə antiterror əməliyyatı ilə Azərbaycanın suverenliyi tam bərpa olundu.
Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə 27 Sentyabr – Anım Günü ilə bağlı keçirilən tədbirdə deyib.
QMİ-nin sədri bildirib ki, ləğv edilmiş separatçı rejim nümayəndələri bu gün Azərbaycan məhkəməsi qarşısında cavab verirlər, mənfur əməlləri bütün dünya qarşısında ifşa olunur, ədalət yerini alır.
“Bir zamanlar terrorçuların, separatçıların yuvasına çevrilmiş Xankəndi bu gün Azərbaycanın Beynəlxalq Zirvə görüşləri keçirdiyi məkan kimi dünyanın gündəmindədir. Xocalıda soyqırımı qurbanlarının Memorial abidəsi ucaldılıb. Bakıda isə Zəfər Tağı qürurlu Qələbəmizi təcəssüm etdirir. Azərbaycanın din xadimləri, bütün dindarlarımız hər zaman dövlətimizin başçısının müdrik daxili və xarici siyasətini, qalibiyyətli siyasi xəttini dəstəkləyirlər və onun üçün həmişə dualar edirlər”, – deyə Allahşükür Paşazadə əlavə edib.
