Laçın rayonunda yerləşən qədim Ağoğlan monastırı növbəti dəfə Alban-Udi Dini İcmasının üzvləri tərəfindən ziyarət edilib.
Alban-Udi Dini İcmasının üzvləri ata-babalarından miras qalan Ağoğlan monastırına gələrək burada dini ayin icra edib, şamlar yandırıb və dualar oxuyublar.
Məlumat verilib ki, Ağoğlan monastırı xristianlıqdan əvvəl mövcud olan qədim dini məkanlardan biridir. IV əsrdən etibarən isə xristian məbədi kimi fəaliyyət göstərən abidə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan olunmasından sonra bölgədə yaşayan xristian icmalarının ibadət yerlərindən birinə çevrilib. Məbəd müxtəlif dövrlərdə mərhələli şəkildə yenidən qurulub. Laçının işğalı dövründə isə abidənin memarlıq quruluşu və interyerinə müdaxilələr edilib, onun erməni kilsəsi kimi təqdim olunmasına cəhd göstərilib.
İşğal illərində monastırın mehrabında da dəyişikliklər aparılıb. Alban məbədlərində üçpilləli olan mehrab daha hündür formaya salınıb, xaç daşları dəyişdirilib, divarlara erməni xaçları çəkilib. Buna baxmayaraq abidənin konstruksiyası və memarlıq xüsusiyyətləri onun Alban məbədi olduğunu göstərən əsas göstəricilər kimi qiymətləndirilir. Azərbaycanda müxtəlif dini abidələrə hörmət və tolerantlıq ənənəsi qorunur. Məscid, kilsə və sinaqoqlar ölkənin tarixi-mədəni irsinin tərkib hissəsi hesab olunur. Ağoğlan monastırı Ağoğlan çayının sahilində yerləşir və V-VI əsrlərə aid abidədir. Müxtəlif dövrlərdə uçqun və dağıntılara məruz qalan abidə IX əsrdə yenidən inşa edilərək monastır üslubuna uyğunlaşdırılıb. İşğal zamanı ərazidəki tarixi və mədəni abidələr erməni vandalizminə məruz qalıb. Alban irsinə aid bir sıra dini abidələrin memarlıq quruluşu və interyerinə müdaxilə edilərək onların mənşəyinin saxtalaşdırılmasına cəhd göstərilib. Ağoğlan monastırı da belə abidələrdən biridir.
