“Ey Əba-əbdillah, sənin günün kimi bir gün yoxdur!” hədisinin mənası nədir?
İslam.az oxuculara “Ey Əba-əbdillah, sənin günün kimi bir gün yoxdur!” hədisinin mənası nədir?”
sualına Ali dərəcəli mərcəyi-təqlid ayətullah Seyyid Əli Sistaninin dəftərxanasına tabe olan aqaed.com saytında dərc olan cavabı təqdim edir
Sual: Əhli-beytdən (ə)- “Ey Əba-əbdillah, sənin günün kimi bir gün yoxdur!” hədisi nəql olunub. Həmin hədis hansı mənanı özündə əks etdirir?
Halbuki insanlar tarix boyu müharibələr nəticəsində dəhşəti heç də Kərbəla faciəsindən az olmayan bəla və müsibətlərlə üzləşmişlər. İnsanların bəzisi zindanlarda qisas və intiqamın ən ağır növü ilə işgəncələrə məruz qalmışlar. Elə isə, qeyd olunan ifadənin mənası nədir?
Cavab: İmam Həsən (ə) bu sözü ilə Kərbəla hadisəsinin əzəmətini vəsf edir. Belə ki, Kərbəla hadisəsi onun (imam Həsən (ə)-ın) zəhərlənməsilə müqayisədə daha faciəlidir.
İmam Hüseyn (ə)-ın müsibəti daha çox ağlamağa və kədərlənməyə layiqdir. Bu gün zalimlər nə qədər cinayət və fəlakətlərə səbəb olacaq işlər görsələr belə, Kərbəla hadisəsi yenə də öz şiddətli ağrı-acıları ilə öndədir. Çünki orada Peyğəmbər (s)- in nəvəsi və Allahın bütün insanlar üzərindəki hüccəti amansızcasına qətlə yetirilmişdir. Onun mübarək bədənində yaradan sağlam yer yox idi. Onun yarasının içərisində yara, bədəninə vurulan zərbənin üzərində başqa bir zərbə var idi. Orada İmam (ə) ilə bərabər əhli-beytindən olan qardaşları, övladları, körpələri və səhabələri qətlə yetirildilər. Onun səhabələri Yer üzərində məsumlardan (ə) sonra insanların ən yaxşısı idilər. Onun əhli-əyalı əsir götürüldü, döyüldü və qamçılandı.
Hələ indiyədək Kərbəla faciəsi kimi bir müsibət baş verməyib. Allahın insanlar üzərindəki hüccətinin qətlə yetirilməsi ən böyük müsibət idi.
Həzrət Saleh (ə)- ın dəvəsini qətlə yetirən şəxs o dövrün ən bədbəxti hesab edilirdi. Həmin dəvə Allah peyğəmbərinin insanlar üçün dəlil gətirdiyi möcüzə idi. Həmçinin imam Hüseyn (ə)- ın qatili dövrün ən bədbəxti idi. Çünki o, Allahın bütün insanlar üzərindəki hüccəti olan məsum imamı qətlə yetirmişdi.
Azərbaycan dilinə tərcümə – ilahiyyatçı Rövşən İslamov