AzərbaycanXəbərlər

Şeyxülislam: İrəvan qazılığının bərpası tarixi zərurət idi

Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra böyük əhəmiyyət kəsb edən ümdə məsələlərdən biri də mədəni-mənəvi suverenliyimizin təmini, dini-mənəvi müstəvidə ədalətin yerini almasıdır.

AZƏRTAC xəbər verir, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı “İrəvan qazılığının tarixi” kitabının təqdimat mərasimində QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın bölgədə tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsinin əhatə etdiyi mənəvi məkanda xalqımızın ənənəvi mənəvi dayaqları qazılıqlar olub. Ancaq azərbaycanlıların bölgədəki dədə-baba torpaqlarından məqsədyönlü didərgin salınması – etnik təmizləmə və deportasiyaların acı nəticələrindən biri də qazılıqların fəaliyyətini məcburi dayandırması olub. Ötən il isə İrəvan qazılığı bərpa edilib.

“Tarixi İrəvan qazılığının öz fəaliyyətini bərpa etməsi tarixi zərurət, zamanın tələbi idi. Tarixi İrəvan qazılığının bərpasından ciddi şəkildə təşvişə düşmüş erməni kilsəsinin tarixi saxtalaşdırma və dezinformasiyalarından fərqli olaraq, biz real tarixi faktlara istinad edərək mənəvi hüquqlarımızı bəyan edirik. Qafqaz Müsəlmanları İdarəsi “İrəvan qazılığının tarixi” kitabı və davamlı fəaliyyəti ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində var qüvvəsi ilə səy göstərəcək, soydaşlarımızın dini-mənəvi hüquqlarının bərpası və tarixi torpaqlarımıza qayıdışımızın mənəvi sütunlarının ucaldılması yolunda əlindən gələni əsirgəməyəcək”, – deyə şeyxülislam Allahşükür Paşazadə vurğulayıb.

Daha çox göstər
Back to top button