AzərbaycanXəbərlər

İƏT Əmək Mərkəzi müxtəlif ölkələrdə məşğulluq sahəsində süni intellekt platforması hazırlayır

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi əmək mobilliyinin inkişafı və dövlət məşğulluq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt tətbiq edir.

“Report” xəbər verir ki, bunu İƏT Əmək Mərkəzinin baş direktoru Azər Bayramov Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbir çərçivəsində baş tutan panel sessiyasında bildirib.

Onun sözlərinə görə, süni intellekt dövlət qurumları üçün geniş imkanlar açır, lakin onun tətbiqi əmək bazarının dəyişən şərtlərinə uyğunlaşma tələb edir.

O qeyd edib ki, rəqəmsal texnologiyalar peşəkar bacarıqların çatışmazlığını aşkarlamağa, əmək bazarının ehtiyaclarını təhlil etməyə və işaxtaranlar üçün aktual vakansiyaları seçməyə imkan verir.

Bayramov, həmçinin Mərkəzin əmək mobilliyi sahəsində müxtəlif ölkələrdə məşğulluq imkanlarının axtarışı üçün süni intellekt əsaslı platformanın yaradılmasını nəzərdə tutan təşəbbüsündən bəhs edib.

Platformanın məqsədi vətəndaşların məşğulluq prosedurları, ixtisas tələbləri, əmək şəraiti və qəbul edən ölkələrin qanunvericiliyi haqqında səhih məlumatlara çıxışını təmin etməkdir.

Mərkəz rəhbəri vurğulayıb ki, süni intellektin tətbiqi şəffaflıq, məlumatların qorunması, bərabər əlçatanlıq və insan hüquqları prinsiplərinə riayət olunması ilə müşayiət edilməlidir.

Daha çox göstər
Back to top button