İslam suallarda

Mələklərin əsas xüsusiyyətləri nədən ibarətdir?

Mələk – Allahın yaratdığı üç şüurlu varlıq növündən (insan, cin və mələk) biridir. Allah mələkləri nurdan, cinləri alovdan, insanları isə torpaqdan yaradıb. İnsanlar içindən Allahın seçdiyi bəzi şəxslər – peyğəmbərlər mələyi görürlər. Amma belə hallar azlıq təşkil edir.

Mələklər insanlardan və cinlərdən fərqli olaraq iradə azadlığına və seçki ixtiyarına malik deyillər. Onlar nurdan yarandıqları üçün bütün fikirləri və əməlləri də xeyirdən ibarətdir. Mələklərin hamısı məsumdur. Onlar günah işlədə bilməzlər. Çünki onlarda şəhvət, tamah, yalançılıq kimi pis duyğular yoxdur.

Quranda mələklərə iman bəsləmək müsəlmanlara ciddi sürətdə tapşırılır (Nisa, 136).

Quran ayələrindən məlum olur ki, Allah-taala mələkləri insandan əvvəl yaratmışdır. Çünki Allah Həzrət Adəmi (ə) yaratmazdan qabaq bu barədə mələklərə məlumat vermişdi (Bəqərə, 30).

Mələklərin hər biri Allahın müəyyən bir əmrini yerinə yetirmək vəzifəsini daşıyır. Onlar bu vəzifələrdən boyun qaçıra bilməzlər; çünki onlarda asilik və küfr hissi yoxdur. Mələklərin bir hissəsi səmada baş verən hadisələri nizamlamağa, bir hissəsi çətinliyə düşmüş insanlara kömək etməyə, bir hissəsi azğınları cəzalandırmağa və sairə işlərə vəzifəlidirlər. Bir qrup mələk isə yalnız Allah-taalaya həmd və şükür etmək üçün yaradılıb və bu işi icra edir.

Mələklər nurdan yarandıqları üçün bədənləri zərifdir və bir formadan başqa formaya düşə bilirlər. Onlar Allahın izni ilə müxtəlif əşyaların, hətta insanın cildinə girə bilərlər. Amma it və donuz kimi murdar heyvanların şəklinə düşmək onlara qadağandır. Mələklərin sayını yalnız Allah bilir.

Daha çox göstər
Back to top button