Az.shafaqna.com xəbər verir ki, Bremen əyalətinin daxili kəşfiyyatına cavabdeh olan Konstitusiyanı Mühafizə Təşkilatının islamçılara qarşı başlatdığı kampaniya istifadə edilən elanlara göstərilən kəskin etirazlardan sonra dayandırılıb. Bremen Daxili İşlər Senatoru Eva Högl elanın ölkədə yaşayan müsəlmanlara mənfi təsir göstərməsindən “böyük təəssüf hissi keçirdiyini” açıqlayıb.
Etirazların mərkəzində Bremen daxili kəşfiyyatının noyabrın 4-də başlatdığı islamçılıq əleyhinə xəbərdarlıq kampaniyası üçün istifadə edilən elanlar dayanır.
Bremendə müsəlmanların etirazına səbəb olan elan
Şəhər boyu rəqəmsal lövhələrdə yayımlanan, quzu dərisinə bürünmüş canavar təsvirli elanda bu ifadələr yer alıb: “Bremen Konstitusiyanı Mühafizə Təşkilatı xəbərdarlıq edir: Görünüşdə dostcanlı. Mahiyyətcə demokratiya əleyhdarı. İslamçı sızma bir təhlükədir. Görünüşün arxasındakına baxın!”
Bremenli müsəlmanlar bu elanların bütün müsəlmanları şübhə və ittiham altında qoyduğuna diqqət çəkərək etirazlarını bildiriblər.
Bremen İslam Dini İcması (“Schura Bremen”) yaydığı bəyanatda “çaşqınlıq və dəhşət içindəyik” ifadələrinə yer verib.
Konstitusiyanı Mühafizə Təşkilatını bu kampaniya ilə “müsəlmanlara qarşı məsuliyyətsizcəsinə mənfi mühit yaratmaqda” ittiham edən dini icma, həmçinin daxili kəşfiyyatı istifadə olunan quzu dərisinə bürünmüş canavar təsviri ilə “insanlıqdan çıxarma (dehumanizasiya) metoduna əl atmaqda” tənqid edib.
Kampaniyanın “ölkədəki bütün müsəlmanları şübhə altında qoyduğu, qərəzləri artırdığı, ictimai etimadı sarsıtdığı” vurğulanaraq, onun dərhal dayandırılmasına və yaratdığı təsirlərə görə üzr istənilməsinə çağırış edilib.
