İslam suallarda
Hansı hallarda başqa uşağa süd verən qadın onun süd anası, onun uşaqları da onun süd bacı-qardaşı sayılır?

Bunun şərtləri risalələrdə ətraflı şəkildə qeyd edilib. Xırdalıqları kənara qoyaraq ümumi şəkildə bunları qeyd edə bilərik:
- Süd verilən uşaq iki yaşından kiçik olmalıdır, böyük olsa, sayılmaz.
- Uşaq birbaşa, təbii yolla əmizdirilməlidir, südü qabın içinə sağıb, oradan uşağa içirilsə, sayılmaz.
- Uşaq əmdiyi südü qusmamalıdır, əks halda bu dəfəki əmizdirilmə sayılmaz.
- Uşaq bir gecə-gündüz ərzində eyni qadının doyunca südünü əmsin, bu zaman başqa qadından süd əmməsin və başqa yemək yeməsin (su və dərman içməsi bura aid deyil).
- Ya da bir gecə-gündüz deyil, ayrı günlərdə on beş dəfə eyni qadından doyunca süd əmməlidir. Bu on beş dəfənin arasında başqa qadından süd əmə bilməz. Amma yemək yeməsinin eybi yoxdur.
- Süd verən qadın bu müddət ərzində bir kişinin kəbinində olmalıdır, müddətin yarısında bir kişinin kəbinində olub, sonra boşanıb başqa kişiyə ərə getsə və qalan müddətdə süd verməyə davam etsə, sayılmaz.
Bu və daha başqa xırda şərtlər daxilində əmizdirmə zamanı süd verən qadın uşağın süd anası və məhrəmi sayılır. O qadının uşaqları da o uşağın süd bacı-qardaşları olur.






