AzərbaycanXəbərlər

Gəncədə keçirilən “Mənəvi dəyərlər” həftəsi başa çatıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu  və Mənəvi Dəyərlərin Təbliği Fondu, eləcə də Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Mənəvi dəyərlər” həftəsinə yekun vurulub. Tədbirlər çərçivəsində tələbələr Gəncə və ətraf bölgələrin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olublar.

Noyabrın 18-19-da təşkil olunan səfərlər zamanı Gəncədə yerləşən İmamzadə məscid-ziyarətgah kompleksində, Aleksandr Nevski adına Rus-Pravoslav kilsəsində və yəhudi icmasının ibadət evində olan gənclərə ölkəmizdəki multikultural mühit, dini icmaların fəaliyyəti və tarixi ibadət ocaqları barədə ətraflı məlumat verilib. İştirakçılar, eyni zamanda Gəncə Memorial Kompleksini, Nizami Gəncəvi muzeyi və məqbərəsini, həmçinin Göygöl Dövlət Təbiət Qoruğunun ərazisini ziyarət ediblər.

Gəncə Memorial Kompleksində tələbələrə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması və bu terror aktlarının dinc əhali üçün doğurduğu faciəvi nəticələr barədə danışılıb. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Kompleks raket hücumları nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsinin əbədiləşdirilməsinə, eləcə də həmin faciələrlə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir.

Ziyarətlər çərçivəsində gənclər Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin həyat və fəaliyyəti, ölkəmizin zəngin keçmişi və mənəvi dəyərləri haqqında bilgilərini genişləndiriblər. Tarixi abidələr və mədəniyyət ocaqları ilə tanışlıq iştirakçılara milli kimliyimizin formalaşmasında mühüm rol oynayan irsi daha dərindən öyrənmək imkanı yaradıb.

Qeyd edək ki, “Mənəvi dəyərlər” həftəsinin keçirilməsində əsas məqsəd gənclərin milli-mənəvi irsə bağlılığını gücləndirmək, onlarda tarixi yaddaşın və milli kimlik şüurunun inkişafına töhfə verməkdir.

Daha çox göstər
Back to top button