İslamı qəbul edən isveçli diplomatın tərcümə etdiyi Quran nəşr edilir

Az.shafaqna.com xəbər verir ki, İsveçin paytaxtı Stokholmda Qurani Kərimin isveç dilindəki yeni nəşrinin rəsmi təqdimat mərasimi keçirilib.
Tədbir beynəlxalq layihə çərçivəsində “Sakina” nəşriyyatının (Sakina förlag) təşkilatçılığı və Malayziyanın “Restu” Fondunun əməkdaşlığı ilə baş tutub. İslam sənəti sərgisi ilə müşayiət olunan mərasimdə xarici ölkələrin diplomatları və müsəlman icmalarının nümayəndələri iştirak ediblər.
Nəşriyyat rəsmisi Qeys Ətaullah bildirib ki, 2007-ci ildə sosial şəbəkədə kiçik bir təşəbbüslə başlayan bu layihə uzun illər müəllif hüquqlarının yüksək qiyməti ucbatından gecikib. Problem adının açıqlanmasını istəməyən tanınmış bir futbolçunun layihəyə 100 min İsveç kronundan çox ianə etməsi və digər xeyriyyəçilərin dəstəyi ilə həll olunub.
Yeni nüsxələr dünyada Quran çapı üzrə ikinci ən böyük mərkəz sayılan Malayziyadakı “Nəşrül-Quran” kompleksində nəşr edilib. Bu addım Malayziyanın qlobal miqyasda 50-dən çox dildə 1 milyon Quran paylamaq layihəsinin tərkib hissəsidir. Bu çərçivədə İsveçdəki məscid, müəssisə və vətəndaşlara paylanmaq üçün ölkəyə 20 min nüsxə ayrılıb. Yerli logistika və keyfiyyətə nəzarəti “Sakina” nəşriyyatı icra edəcək.
Kitabın mətni İsveçin Mərakeşdəki keçmiş səfiri (1976–1983), İslamı qəbul etdikdən sonra Məhəmməd adını alan Knut Bernströmə məxsusdur. Onun ilk dəfə 1990-cı illərin sonunda “Koranens Budskap” (Quranın Mesajı) adı ilə yayımlanan bu əsəri isveç dilində ən mötəbər tərcümə hesab olunur.
Təşkilatçılar bu addımla İslamın sülh mesajını yaymağı və isveçdilli auditoriyanın müqəddəs kitabı daha rahat anlamasını hədəfləyirlər. Keçmiş diplomat 2009-cu ildə Mərakeşdə vəfat edib.






